Nərgizin həbs müddəti daha 3 ay uzadıldı

Nərgizin həbs müddəti daha 3 ay uzadıldı

11-06-2024 16:29 / Bu xəbər 442 dəfə oxundu

İyunun 11-də "AbzasMedia işi" üzrə həbs olunan jurnalist Nərgiz Absalamovanın həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Bu barədə vəkil Şəhla Hümbətova məlumat verib. 

Vəkilin sözlərinə görə, Xətai rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib və həbs-qətimkan tədbiri sentyabrın 20-nə kimi uzadılıb.

N.Absalamova ötən il noyabrın 30-da həbs olunub. Dekabrın 1-də barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

Bu il fevralın sonunda Absalamovanın həbs müddəti 3 ay, mayın 25-də isə daha 22 gün artırılmışdı.

Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Jurnalist özünü təqsirli bilmir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir.