Nidaçı fəala 20 sutka həbs verildi

Nidaçı fəala 20 sutka həbs verildi

22-06-2023 18:02 / Bu xəbər 922 dəfə oxundu

Elmir Abbasov polisin əmrinə tabe olmamaqda günahlandırılır

İyunun 22-də Sumqayıt Şəhər Məhkəməsi NİDA Gənclər Hərəkatının fəalı Elmir Abbasovu 20 sutka azadlıqdan məhrum edib.

Elmir Abbasov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin müvafiq əmrinə tabe olmamaq) ilə ittiham olunub.

Bu barədə Meydan TV-yə vəkil Zibeydə Sadıqova məlumat verib.

Vəkil apelyasiya şikayəti verəcəklərini bildirib.

Elmir Abbasov iyunun 21-də axşam saat 22:00-a yaxın anasına zəng edib, evə gəldiyini söyləyib: "Deyib ki, marketdən bir şey almaq lazımdırmı? Ancaq evə gəlməyib və onunla əlaqə kəsilib. Bu gün məlum olub ki, Elmiri saxlayıblar ", – bunu isə NİDA-dan bildiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti E.Abbasovun ictimai asayişin pozulması ilə əlaqədar saxlanıldığını vurğulayıb.

Amma NİDA-çılar onun "Facebook”da Gədəbəy rayonunun Söyüdlü kəndindəki etiraza göstərdiyi sərt reaksiyaya görə polisi kəskin tənqid etdiyi üçün saxlanıldığını deyirlər.

Elmir Abbasov bundan əvvəl də həbs edilib.

2021-ci ilin fevralında narkotik maddələrdən qanunsuz istifadə ittihamı ilə 30 sutka həbs edilib.

O zaman onun həbsi hakimiyyətin tənqidilə əlaqələndirilmişdi.