Prezident Əfv Sərəncamı imzaladı: Siyahıda siyasi məhbuslardan heç kim yoxdur

Prezident Əfv Sərəncamı imzaladı: Siyahıda siyasi məhbuslardan heç kim yoxdur

26-05-2024 22:00 / Bu xəbər 849 dəfə oxundu

Hüquq müdafiəçiləri son sərəncamdan narazıdır

Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyev 154 məhbusu əfv edib.

Prezidentin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncama əsasən, 3 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib;  52 məhbusun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb; 1 nəfər təxirə salınmış cəzadan, 28-i elektron qolbaqdan xilas olub. 3 nəfərin isə elektron qolbaq cəzası yarıya salınıb. İslah işlərinə məhkum edilmiş 2 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Cərimə cəzasına məhkum edilmiş 4 nəfər cəzadan qurtulub, 1 nəfərin məhkumluğu üzərindən götürülüb.

Hüquq müdqafiəçilərinin dediyinə görə, əfv olunanlar arasında bir nəfər belə siyasi məhbus kimi tanınan şəxs yoxdur. Ölkənin hüquq müdafiə təşkilatlarının hesablamalarına görə, hazırda 300 nəfərədək insan siyasi məhbus həyatı yaşayır.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu "Turan”a bildirib ki, əfv sərəncamlarının imzalanması həmişə müsbət bir addımdır: "Çünki həbsdə olan adamlar azadlığa buraxılır, öz doğmalarına qovuşur”.

Eyni zamanda, hüquq müdafiəçi qeyd edib ki, Əfv Sərəncamında barələrində məhkəmə qərarı olan jurnalistlərin adlarının olmadığına görə çox təəssüf edir: "Həmçinin siyahımızda olanların heç biri əfvə düşmədi. Bu, çox təəssüfedicidir”.

N.Cəfəroğlu hesab edir ki, Əfv Komissiyasının tərkibində dəyişikliklər edilməlidir: "Çünki həmin siyahıları komissiya tərtib edir. Mən hesab edirəm ki, jurnalist qurumlarının rəhbərləri və redaktorları, hüquq müdafiəçiləri Prezident İlham Əliyevlə görüşüb ona jurnalistlərlə bağlı vəziyyət barədə məlumat verməlidir”.

"Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov da "Turan”a deyib ki, bir nəfər belə siyasi və vicdan məhbusu əfv olunmayıb.

"Çox təəssüf edirəm ki, son illər imzalanan əfv sərəcamları arasında yeganə haldır ki, bir siyasi məhbus belə sərəncamın hüquqi dairəsinə düşməyib. Bu, onu göstərir ki, Azərbaycan hakimiyyəti bütövlükdə hüquqi və siyasi açılımlara nəinki hazır deyil, heç iradə istəyi də yoxdur. Xüsusilə nəzərə alaq ki, son bir il ərzində beynəlxalq siyasi güc mərkəzləri, hüquq müdafiə təşkilatları, mötəbər hüquqi mexanizmlər, ABŞ-dan, Avropa Birliyindən, Avropa Şurasından insan haqlarının durumu, siyasi məhbusların vəziyyəti, onların azadlığa buraxılması ilə bağlı çox ciddi qərarlar, qətnamələr və çağırışlar var”, – o qeyd edib.

Hüquq müdafiəçisi onu da deyib ki, əfv sərəncamından ciddi gözləntiləri olmayıb: "Şəxsən məndə belə gözlənti yox idi ki, bu əfv sərəncamı ilə 300-ə yaxınlaşan siyasi məhbus azadlığa buraxılacaq. Amma beynəlxalq təpkilər və tənqidlərin fonunda müəyyən ümidlərim var idi ki, heç olmasa bir neçə siyasi məhbus azadlığa buraxıla bilər. Bunun isə tam əksini gördük”.

Rüfət Səfərovun fikrincə, belə əfv sərəncamı ilə rəsmi Bakı onu göstərmək istəyir ki, biz ölkənin daxilindəki hüquq və azadlıqlara qarşı son dərəcə kəskin bir siyasət yürüdürüksə, bu, bizim daxili işimiz ola bilər.

"Beynəlxalq mövqelər və çağırışlar bizim üçün heç bir ciddiyyət kəsb etmir. Çünki hazırki hakimiyyətin dövründə, 30 il ərzində imzalanan əfv sərəncamlarının hər birində az sayda olsa da, siyasi və vicdan məhbusları azadlığa çıxıb. Bu, yeganə əfvdir ki, siyasi məhbus azadlığa buraxılmayıb. Düşünürəm ki, bu, hakimiyyətin siyasi-emosional qeyri-hüquqi davranışının nəticəsidir”, -hüquq müdafiəçisi qeyd edib.