Prezidentin oğlunun iqtisadi müşavirədə iştirakı ilə bağlı açıqlama: “Azərbaycan vətəndaşıdır”
12-11-2024 15:35 / Bu xəbər 361 dəfə oxundu
İlham Əliyevin köməkçisi deyib ki, müşavirə peşəkarlar üçün açıqdır
Prezidentin köməkçisi Hikmət Hacıyev ölkə başçısının oğlu Heydər Əliyevin 26 sentyabr iqtisadi məsələlərə həsr olunmuş müşavirəyə qatılmasına münasibət bildirib.
Hikmət Hacıyev bu barədə suala: "Azərbaycan Respublikasının vətəndaşıdır”, – deyə reaksiya verib.
"Hər kəs gedib vitse-prezidentin yanında əyləşə bilərmi?” sualını isə Hacıyev iqtisadi müşavirənin peşəkarlar üçün açıq olduğunu deyib: "İqtisadi müşavirə peşəkarlar üçün açıqdır… Azərbaycan Respublikasının vətəndaşı statusunda və peşəkar, konkret sahə üzrə mütəxəssis olaraq həmin tədbirdə iştirak edib”.
Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin iştirakı bir sıra suallar doğurub.
İlk ağla gələn sual Heydər Əliyevin hansı protokol qaydalarına əsasən müşavirəyə qatılması idi.
İndiyə qədər Heydər Əliyev bir sıra tədbirlərə də qatılıb, konkret olaraq, cari ilin yanvarın 8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana səfərini xatırlatmaq olar.
Heydər Əliyev qonaqlara verilən rəsmi ziyafətdə xarici işlər naziri Ceyhun Bayramov və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə eyni masada əyləşmişdi(Azadlıq Radiosu).