Prokurorluq: “Azərbaycan ordusunun zabiti özünü güllələyib”

Prokurorluq: “Azərbaycan ordusunun zabiti özünü güllələyib”

13-11-2023 16:13 / Bu xəbər 861 dəfə oxundu

Hadisə ilə bağlı cinayət işinin açıldığı, şahidlərin dindirildiyi deyilir

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin baş leytenantı Elçin Bəndəliyevin intihar etdiyi bildirilir.

Baş leytenantın özünü odlu silahla öldürdüyü qeyd olunub.

Bu barədə noyabrın 13-də Hərbi Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, Tərtər Hərbi Prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları hadisə yerində olublar: "Meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib”.

Həmçinin fakt üzrə Tərtər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanıldığı, şahidlərin dindirildiyi vurğulanıb: "Müxtəlif ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”.

Meydan TV baş leytenantın yaxınları ilə əlaqə saxlaya bilməyib.