Prokurorluq hərbi xidmətə çağırışla pozuntuları araşdırdığını deyir

Prokurorluq hərbi xidmətə çağırışla pozuntuları araşdırdığını deyir

04-03-2024 16:51 / Bu xəbər 1332 dəfə oxundu

Gəncə, Masallı və Xətai rayonlarda yoxlamalar aparılıbmı? 

Hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması, habelə bu sahədə korrupsiyaya qarşı mübarizənin artırılması istiqamətində addımların atıldığı deyilir.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər həyata keçirilir.

Məlumata görə, bu məqsədlə prokurorluq orqanlarına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim olunan məlumatlar və vətəndaş müraciətləri əsasında vəzifəli şəxslərin, qanunazidd əməllərin törədilməsində vasitəçilik, habelə digər formada iştirak etmiş şəxslərin barəsində araşdırma aparılıb:

"2023-cü il ərzində prokurorluq orqanlarında qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları üzrə ümumilikdə 78 material üzrə araşdırma aparılıb. Onlardan 15-i SHXÇDX-dən daxil olub, 63-ü isə vətəndaş müraciəti üzrə araşdırılıb. Həmin materiallardan 12-si üzrə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb və 13 şəxs məhkəmə məsuliyyətinə verilib. Habelə, 15 material üzrə digər prokuror təsir tədbirləri tətbiq olunub, qalan materiallar üzrə isə hazırda araşdırma davam etdirilir".

Məlumatda deyilir ki, qeyd olunan dövr ərzində qanun pozuntularından çəkindirmək məqsədi ilə SHXÇDX-nin 3 vəzifəli şəxsinə xəbərdarlıq elan edilib:

"Aşkar olunmuş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 16 əməkdaşı barəsində təqdimat verilib. 2024-cü ildə prokurorluq orqanlarında bu kateqoriya məlumatlarla bağlı 18 material üzrə araşdırma aparılaraq onlardan 7-si SHXÇDX-dən daxil olub, 11-i isə vətəndaş müraciəti üzrə olub, 1 halda cinayət işi başlanıb, digər materiallar üzrə isə hazırda araşdırma davam etdirilir. Hərbi xidmətə çağırışla bağlı törədilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri aidiyyəti dövlət orqanları ilə birgə bundan sonra da davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaq", - deyə prokurorluq qeyd edib.

Baş Prokurorluq pozuntuların baş verdiyi yerli qurumların hansı rayonların şöbələrini əhatə etdiyini açıqlamayıb. 

"Arqument.az"a daxil olan vətəndaş şikayətlərində isə deyilirdi ki, Gəncə və Masallıda bu pozuntularla bağlı yoxlamaların aparılması vacibdir. Hətta bununla bağlı sosial şəbəkələrdə də bir neçə dəfə şikayətlər səsləndirilib. 

Həmçinin bildirilir ki, SHXÇDX-nin Xətai rayonun şöbəsinin fəaliyyəti ciddi araşdırılmalıdır. 
 
Səbəb isə həmin qurumlarla bağlı şikayətlərin olmasıdır. 
 
Prokurorluğun açıqladığı məlumatda qeyd olunan faktların həmin rayonları əhatə edib-etmədiyi bəlli deyil. 

Baş Prokurorluqdan hazırda bu sahədə araşdırmaların aparılması və yoxlamalarla bağlı münasibət almaq mümkün olmayıb.