Prokurorluğun əməkdaşı İlkin Əmrahovdan nə istəyib?

Prokurorluğun əməkdaşı İlkin Əmrahovdan nə istəyib?

18-04-2024 16:13 / Bu xəbər 496 dəfə oxundu

Vəkil Rövşanə Rəhimli deyir ki, Bakı Şəhər Prokurorluğunun əməkdaşı Emil Məhərrəmov "Toplum TV işi" ilə bağlı həbs olunan İlkin Əmrahova vəkilindən imtina etməyi tövsiyə edib. 

Bu barədə vəkil özünün "Feysbuk" profilində məlumat yayıb. 

"Daha əvvəl də ictimailəşdirdiyim kimi, 8 mart 2024-cü il tarixdə İlkin Əmrahov məhkəməyə gətirilən zaman polis əməkdaşları tərəfindən pis rəftara məruz qalmışdı. İlkinə qarşı baş vermiş qanunsuz hərəkətləri sosial şəbəkələrdə ictimailəşdirməklə yanaşı, Ombudsman və Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayətlər ünvanlamışam", - deyə o bildirib. 

Vəkil deyir ki, Emil Məhərrəmov İlkin Əmrahova etikadan kənar suallar da ünvanlayıb: "Ötən həftə şikayəti araşdırmaq məqsədi ilə Bakı Şəhər Prokurorluğunun əməkdaşı Emil Məhərrəmli adlı şəxs Bakı İstintaq Təcridxanasında İlkin Əmrahovun izahatını almağa gedib və dolayı yolla İlkin Əmrahova mənim müdafiəmdən imtina etməsini, başqa vəkillə davam etməsini tövsiyə edib. Bundan əlavə, prokurorluğun əməkdaşı Emil Məhərrəmli tərəfindən İlkinə "siz kasıb ailəsiniz, atan vəkili necə tutub, vəkilin pulunu necə ödəyib? Bəlkə, vəkilin pulunu başqaları verib, bu vəkili dəqiq atan tutub?”  kimi tamamilə etikadan kənar və qanunsuz suallar ünvanlayıb".
 

Rövşanə Rəhimli

"İlkin Əmrahov və digərlərinə qarşı zorakı hərəkətlər həmin gün mənim və digər vəkil həmkarlarımın gözü qarşısında baş verib, amma nədənsə şikayəti araşdıran Emil Məhərrəmli şahid kimi vəkilləri deyil, İkinin valideynlərinin izahatını almaq üçün dəvət edib və sözügedən şikayətlə əlaqəsi olmayan söhbətlər aparıb. İndi mən Bakı Şəhər Prokurorluğuna sual verirəm: Emil Məhərrəmli kimdir ki, mənim müdafiə etdiyim şəxsə bu kimi suallar verir və mənim hüquqi yardımla bağlı aldığım qonorarla maraqlanır?!" - Rövşanə Rəhimli vurğulayıb. 

Martın 6-dan həbsdə olan İlkin Əmrahov  Azərbaycan Dillər Universitetində magistr təhsili alırdı.

Martın 6-da "Toplum TV" internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib.

Media orqanıyla bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar arasında "Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.

Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.