Putin: “Conson Kiyevə gəlib Ukrayna ilə müqavilələrimizi zibil qutusuna atdı”
06-06-2024 14:03 / Bu xəbər 736 dəfə oxundu
Rusiya Prezidenti deyir ki, Vaşinqtonu Ukrayna deyil, ABŞ-nın maraqları düşündürür
Rusiya Prezidenti Vladimir Putin deyib ki, ABŞ-da gözlənilən seçkilərdə kimin prezident seçilməsi onu maraqlandırmır.
Bu barədə Vladimir Putin iyunun 5-də xarici media təmsilçilərinin suallarını cavablandırakən danışıb.
O deyib ki, onlar həmişə Trampa qarşı gülünc ittihamları daxili siyasi mübarizənin elementi kimi qəbul ediblər: "Lakin Tramp Rusiyaya qarşı kütləvi sanksiyalar tətbiq etməyə başladı və INF Müqaviləsindən (Orta Menzilli Nüvə Qüvvələri Müqaviləsi) çıxdı”.
"Əgər yeni Ağ Ev administrasiyası qlobal liberalizmin məqsədlərinə nail olmaqdansa, daxili məsələlərə diqqət yetirirsə, o zaman həm Rusiyada, həm də Ukraynadakı münaqişədə dəyişikliklər ola bilər. Amma Ukrayna heç kimi maraqlandırmır, Vaşinqtona daha çox Amerikanın böyüklüyü maraqlıdır. Onlar Ukrayna uğrunda döyüşmürlər və Rusiyanın uğur qazanmasına imkan vermək istəmirlər. Çünki əks halda zərər görəcəklərinə inanırlar”, – deyə Vladimir Putin əlavə edib.
O, Qərbi hədəf alaraq bildirib ki, hər kəs müharibəni Rusiyanın başladığına inanır, lakin heç kim bu faciənin necə başladığını xatırlamaq istəmir: "Bu, dövlət çevrilişi ilə başladı. Fransa, Polşa və Almaniyanın xarici işlər nazirləri Kiyevə gələrək böhrana sülh yolu ilə son qoyulmalı olduğu barədə sənədlər imzalayıblar. Nə üçün Almaniya rəhbərliyi Ukraynadakı həmin şəxslərin hüquqi sahəyə qayıtmasını tələb etmədi? Rusiya hər cür səy göstərdi, Minskdə razılaşmalar imzalandı, amma bizi, sadəcə, burunları ilə itələdilər”.
Putin qeyd edib ki, rəsmi Berlin Ukraynaya hərbi dəstək verməklə Rusiya ilə münasibətləri pisləşdirəcək: "Ukraynada alman tankları peyda olanda bu, Rusiyada mənəvi-əxlaqi sarsıntı yaratdı. İndi deyirlər ki, raketlər peyda olacaq. Bu da Rusiya-Almaniya münasibətlərini tamamilə məhv edəcək”.
Müharibədəki itkilərə gəlincə, Rusiya başçısı deyib ki, bir qayda olaraq, heç kim ölənlərin sayından danışmır: "Bizim itkilərimiz Ukrayna tərəfindəkindən bir neçə dəfə azdır. Hesablamalarımıza görə, Ukrayna Silahlı Qüvvələri ayda 50 min əsgər itirir və səfərbərlik Ukraynada yalnız itkiləri ödəyir. Düşünürəm ki, ABŞ administrasiyası hazırkı rəhbərliyi səfərbərlik yaşını 18 yaşa endirməyə məcbur edəcək, sonra isə Zelenskidən qurtulacaq”.
O həmçinin qeyd edib ki, Ukrayna ordusu texnoloji cəhətdən dəqiq silahlarla vurmaq iqtidarında deyil: "Buna ancaq silah verənlər qərar verir. Bu barədə heç bir illüziyamız yoxdur. Biz hava hücumundan müdafiə sistemlərimizi təkmilləşdirəcəyik. Əgər kimsə ərazimizə zərbə endirmək üçün belə silahların verilməsini mümkün hesab edirsə, niyə bizim həmin ölkələrin həssas hədəflərinə zərbələr endiriləcək bölgələrə eyni silahlarımızı çatdırmağa haqqımız olmasın? Əgər görsək ki, Qərb ölkələri bizə qarşı müharibəyə cəlb olunur, biz də analoji şəkildə hərəkət etmək hüququnu özümüzdə saxlayırıq, bu, çox ciddi problemlərə aparan yoldur”.
"Döyüşü dayandırmaq üçün nə etmək lazımdır? Baydenə dediklərimi təkrar edə bilərəm: silah tədarükünü dayandırın. Döyüş iki, maksimum üç ay ərzində dayandırılacaq. 2022-ci ilin sonunda Ukrayna ilə razılaşdıq, Kiyev isə NATO-nun üzvü olmadığını, ancaq NATO nizamnaməsinə çox yaxın olduğunu bildirdi. Dedim ki, bu barədə düşünməliyik. Eyni şey Rusiyanın maraqlarına da aiddir: Ukraynanın neytral statusu və denasifikasiya. Məndən bunun nə olduğunu soruşmağa başlayanda təəccübləndim. Bu isə nasist təbliğatının qanuni qadağasıdır. Amma Conson (Boris Conson, Böyük Britaniyanın sabiq baş naziri-red) niyə Kiyevə gəlib bu müqavilələri zibil qutusuna atdı?”, – Putin belə deyib.
Nüvə silahı barədə suala Rusiya lideri cavab verib ki, Qərb həmişə onları nüvə dəyənəyi yelləməkdə ittiham etməyə çalışır: "Nədənsə Qərb hesab edir ki, Rusiya bundan heç vaxt istifadə etmir. Bizim nüvə doktrinamız var: əgər kiminsə fəaliyyəti suverenliyimizi və ərazi bütövlüyümüzü təhdid edirsə, əlimizdə olan bütün vasitələrdən istifadə etməyi mümkün hesab edirik”.
V.Putin Ukrayna ilə danışıqlar haqda konkret danışmayıb: "Bu gün Ukrayna ilə necə danışıqlar aparmaq olar? Hazırkı rəhbərlik seçkiyə getməmək qərarına gəlib. Konstitusiyada prezidentin səlahiyyətlərinin parlamentə keçdiyi yazılıb, amma uzadıldığı yazılmayıb. Mən müqaviləni kimlə imzalamalıyam? Ancaq hər şeyi razılaşdırmaq olar”.
"Rusiyadan düşmən obrazı yaratmağa ehtiyac yoxdur. Bunu etməklə özünüzə zərər verirsiniz. Onlar elə bilirdilər ki, Rusiya NATO-ya hücum etmək istəyir. Bunu kim ağlına gətirdi, cəfəngiyyatdır”, – deyə o, fikrini yekunlaşdırıb.