Qazaxın 4 kəndi Azərbaycana qaytarılıb

Qazaxın 4 kəndi Azərbaycana qaytarılıb

24-05-2024 16:58 / Bu xəbər 760 dəfə oxundu

Mayın 24-də Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində Azərbaycan bayrağının qaldırıldığı bildirilir.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilir ki, həmin kəndlər DSX tərəfindən nəzarətə götürülüb.

Məlumata görə, Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi, general-mayor Vüsal Sultanov bununla bağlı Prezident İlham Əliyevə məruzə edib.

"Azərtac"ın yaydığı məlumatda qeyd olunur ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə aparılan işlər nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən olunub: "Bununla da Azərbaycanın Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrımın, Aşağı Əskiparanın, Xeyrımlının və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib".

Aprelin 19-da Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının iclasında Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb və həmin kəndlərdən demarkasiya işlərinə başlanacağı bildirilib.

Demarkasiyanın hansı xəritələrə əsasən həyata keçiriləcəyinə gəlincə, bildirilib ki, prosesin kartoqrafik əsasını SSRİ dövründən qanuni əsasa malik olan və müvafiq səlahiyyətlərə malik orqanlar tərəfindən tərtib edilmiş ən son topoqrafik xəritələr təşkil edir.

***

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.