Qırğızıstan rəhbərliyinə sui-qəsddə şübhəli bilinən azərbaycanlılar Bakıya təhvil verilib
08-04-2024 12:40 / Bu xəbər 869 dəfə oxundu
Onlar "mütəşəkkil dəstə yaratma və ya orada iştirak etmə”də təqsirləndirilirlər
Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi martın 23-də Bişkekdə saxlanılan mütəşəkkil cinayətkar dəstənin üzvü adlandırdığı şəxsləri Azərbaycana təhvil verdiyi bildirilir.
Bu barədə Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Bildirilir ki, təhvil prosesi aprelin 7-də həyata keçirilib.
Azərbaycan vətəndaşları martın 22-də Bişkekdə Cinayət Məcəlləsinin 261-ci ("Mütəşəkkil dəstə yaratma və ya orada iştirak etmə”) maddəsi ilə açılmış cinayət işi üzrə saxlanılmışdılar.
Bildirilirdi ki, Qırğızıstanın milli təhlükəsizlik orqanları V.M.Əliyev, S.A.Bağırov, M.O.Əsgərov, M.S.Bekhbudrov və Z.İ.Məmmədovu saxlayıblar: "Daxil olan əməliyyat məlumatlarına görə, M.O.Əsgərov kriminal aləmdə "sələfi” statusuna malikdir. Kriminal mühiti gücləndirmək və oğru ideologiyasını yaymaq, habelə statusunu artırmaq məqsədilə dövlətin mütəşəkkil cinayətkarlığa qarşı fəal mübarizə siyasəti ilə əlaqədar olaraq, cinayət ortaqları ilə birlikdə Qırğızıstana gələrək ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədi güdüblər”.
Kəşfiyyat xidmətinin məlumatına görə, onlar martın 20-də cinayətkar təsirlərini gücləndirmək üçün Qırğızıstana gəliblər.
Azərbaycanın Daxili İşlər Nazirliyi martın 26-da yaydığı məlumatda Qırğızıstanın aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində həmin şəxslər barəsində toplanmış məlumatların qarşı tərəfə təqdim etdiyini bildirmişdi.
Dünən Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin yaydığı məlumatda qeyd olunub ki, həmin şəxslər ölkə vətəndaşları üçün təhlükə törətdiklərinə və cinayətkar qruplaşmalarla əlaqələri olduğuna görə saxlanılıblar.
Azərbaycanlıların həbsindən sonra Dövlət Komitəsi onların keçmiş gömrük əməkdaşı, "Qırğızıstanda mafiya yaratmaqda” şübhəli bilinən Raiymbek Matraimovla əlaqə saxladığını açıqlayıb.
Matraimovun özü xüsusi xidmət orqanları tərəfindən martın 26-da axşam saatlarında Azərbaycandan Qırğızıstana aparılıb.
Ertəsi gün məhkəmə onun aprelin 26-dək həbsdə saxlanmasına qərar verib.
Komitə bildirib ki, Qırğızıstanda saxlanılan azərbaycanlılar isə Azərbaycanın hüquq-mühafizə orqanları ilə əvvəllər bağlanmış müqaviləyə əsasən təhvil verilib.
Beynəlxalq axtarışda olan Rayımbek Matraimov Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədr müavini olub.
O, martın 26-da Azərbaycanın paytaxtında saxlanılaraq Bişkekə aparılıb.
R.Matraimov Cinayət Məcəlləsinin 169-cu ("Qanunsuz olaraq azadlıqdan məhrum etmə”) və 222-ci ("Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması) maddələri ilə başlanmış cinayət işi üzrə şübhəli bilinir.