Qiyas İbrahim aclıq aksiyasına başlayıb
23-06-2023 16:41 / Bu xəbər 1036 dəfə oxundu
Anası onun səhhətində problemlərin olduğunu deyir
İyunun 22-də 30 sutka inzibati cəza alan Qiyas İbrahim aclıq aksiyasına başlayıb.
Bu barədə iyunun 23-də səhər oğluyla danışan Şura Əmiraslanova Meydan TV-yə deyib.
Ancaq Şura Əmiraslanova oğlunun aclıq aksiyası keçirməsinin əleyhinədir:
"Çünki Qiyasın birinci həbsdə səhhətində yaranan problem hələ də qalır, nə canı var ki, aclıq aksiyası keçirsin. Mən vəkili Elçin Sadıqovla danışacağam, ona desin ki, əgər aksiyanı dayandırmasa, müdafiədən imtina etsin”.
Vəkil Elçin Sadıqov Meydan TV-yə bildirib ki, o, bu gün Qiyas İbrahimlə görüşəcək.
Qiyas İbrahim İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına) və 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə ittiham olunub.
Q.İbrahim "Facebook” hesabında Gədəbəyin Söyüdlü kəndində polisin əhaliylə qarşı davranışına çox kəskin münasibət bildirib.
İyunun 21-də axşam saatlarında NİDA Gənclər Hərəkatının fəalı Elmir Abbasov da saxlanılıb.
Sumqayıt Şəhər Məhkəməsi iyunun 22-də fəalı 20 sutka azadlıqdan məhrum edib.
O, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin müvafiq əmrinə tabe olmamaq) ilə ittiham olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti E.Abbasovun ictimai asayişin pozulması ilə əlaqədar saxlanıldığını vurğulasa da, nidaçılar onun "Facebook”da Gədəbəyin Söyüdlü kəndindəki etiraza göstərdiyi sərt reaksiyaya görə polisi kəskin tənqid etdiyi üçün saxlanıldığını deyirlər.
Gədəbəydə nə baş verib?
İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.
Sakinlər həmin süni gölün suyunun zəhərli olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirir.
Aksiya iştirakçıları bildirib ki, yaradılan su hövzəsində zəhərli maddələr toplanır.
Etiraza səbəb olan süni göl isə kənddə yaradılan ikinci su hövzəsidir.
Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.
Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.
Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.
Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.
Sakinlərin keçirdiyi aksiya ilə bağlı həbs olunan və cərimələnənlərin olduğu deyilir.