Qubad İbadoğlu ilə bağlı qətimkan tədbiri dəyişdirildi, polis nəzarətinə verildi

Qubad İbadoğlu ilə bağlı qətimkan tədbiri dəyişdirildi, polis nəzarətinə verildi

21-05-2024 15:32 / Bu xəbər 581 dəfə oxundu

Bir ay öncə – aprelin 22-də həbsdən buraxılmış iqtisadçı Qubad İbadoğlu haqqında ev dustaqlığı qətimkan tədbiri "polis nəzarətinə vermə” ilə əvəzlənib. 

Eyni zamanda, onunla bağlı cinayət işi üzrə istintaqın müddəti də daha 3 ay – avqustun 20-nə qədər artırılıb. 

Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Bayramov məlumat verib.

Qardaşı deyir ki, həbsdən buraxılandan sonra ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar Qubad İbadoğlunun ayağına bağlanmış elektron qolbaq da artıq açılıb.

Qubad İbadoğlu ilə eyni cinayət işi üzrə təqsirləndirilən daha bir nəfər – Türkiyədə universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımovun da həbs müddəti artırılıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, istintaq davam etdiyinə görə, onun barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. 

Mayın 20-də Nərimanov Rayon Məhkəməsində prokurorun təqdimatı əsasında bu barədə qərar qəbul edilib.

2023-cü ilin avqustunda Qubad İbadoğlunun həbsindən bir neçə gün sonra Fazil Qasımov Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilib və eyni cinayət işi üzrə məsuliyyətə cəlb olunub. 

İstintaqın gedişində ondan Qubad İbadoğlunun əleyhinə ifadə alınıb.

Qubad İbadoğlu aprelin 22-də həbsdən çıxandan sonra Fazil Qasımov da ev dustaqlığına buraxılması üçün vəsatət versə də, Nərimanov Rayon Məhkəməsi onun vəsatətini təmin etməyib.

London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin əməkdaşı olan professor Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora özləri yerləşdirib, sonra da götürüblər.

Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub. 

Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

Qubad İbadoğlu həm də Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri idi. 

O, həbsdən buraxılandan təxminən 20 gün sonra – mayın 14-də partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.