Saakaşvili Paşinyana müraciət etdi: “Dirəşməlisiniz"
18-10-2023 15:00 / Bu xəbər 1059 dəfə oxundu
O, Ermənistanın KTMT, MDB və Gömrük İttifaqından çıxmasını tövsiyə edib
Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edib.
Müraciət sabiq prezidentin "Facebook” səhifəsində yayımlanıb.
Paşinyana ilk dəfə müraciət etdiyini vurğulayan Mixail Saakaşvili regionun və Ermənistanın taleyindən narahatlığını ifadə edib: "Rusiya ilə və bu yaxınlarda baş tutan MDB sammitində bu təşkilatın dağılmasında məni günahlandıran Vladimir Putinlə ünsiyyət təcrübəmə əsaslanaraq sizə bir neçə məsləhət vermək istərdim. Siz xalq üsyanları, Putinin terminologiyası ilə desək, rəngli inqilablar nəticəsində hakimiyyətə gəlmisiniz. İnanın ki, ona nə qədər xoş olmağa, nə qədər ona sadiq qalacağınıza inandırmağa çalışsanız da, o sizi heç vaxt bağışlamazdı və bağışlamayacaq”.
"Üstəlik, sizin son bəyanatlarınızdan, siyasi gedişlərinizdən və xüsusən də Roma Nizamnaməsinin ratifikasiyasından sonra – o, sizin qan düşməninizdir və əlində olan bütün imkanlarla – daxili iğtişaşlarla, hərbi əməliyyatların təşviqi ilə sizi devirməyə çalışacaq”, – deyə o bildirib.
Gürcüstanın sabiq prezidenti daha sonra yazır: "Putin sizi iqtisadi cəhətdən boğmağa çalışacaq və hibrid müharibənin bütün arsenalından istifadə edəcək. Çox az vaxtınızın olduğunu unutmamalısınız. Hakimiyyətə gələndən sonra siz əsaslı islahatlar apara bilmədiniz və ya aparmadınız, indiki dövlət aparatınız isə həqiqətən də, Kremlin beşinci kolonudur”.
Saakaşvili Paşinyana Avropaya inteqrasiyada gecikdiyini bildirir: "Sizin üçün nə qədər çətin olsa da, Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni şans verir. Müəyyən müddətdən sonra biz üç Baltikyanı ölkə kimi yaşaya bilərik – açıq sərhədlərlə, üç dövlətdən hər birinin üstünlüklərindən istifadə edərək loqistika, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Ancaq bunun üçün siz tələsməli və bütün tərəddüdləri kənara atmalı, dirəşib sona qədər getməlisiniz. Rusiya hərbi bazasının dərhal çıxarılmasını tələb etməli, MDB, KTMT, Gömrük İttifaqından çıxmalısınız. Bununla yanaşı, Avropa İttifaqı və NATO-ya üzvlük üçün müraciət etməlisiniz”.
"2013-cü ildə biz Avropa Komissiyasının sədri Barrozo ilə birlikdə Yerevana gəldik və keçmiş baş naziri dilə tutduq ki, Moskvanın himayəsi altında olan bu təşkilatların bəzilərinə qoşulmasın, amma səylərimiz nəticəsiz qaldı. Nəhayət, siz açıq şəkildə bəyan etməli və dərhal Azərbaycanla sülh müqaviləsi imzalamalı, bununla da Ermənistanın daxili və xarici siyasətində əsaslı dəyişikliklərə yol açmalısınız”, – deyə sabiq prezident əlavə edib.
M.Saakaşvili müraciətini bu fikirlərlə bitirir: "Sizdə şəxsi və siyasi cəsarət kifayət qədərdir. Ümid edirəm ki, Putinə sizi məhv etməyə və eyni zamanda, ölkənizi dağıtmağa, regionumuzu tamamilə sarsıtmağa imkan verməyəcəksiniz. Hamımızın qarşısında duran təhlükə çox realdır və dərhal hərəkətə keçməyi tələb edir. Ümid edirəm ki, bu dəfə tərəddüd etməyəcəksiniz”.
2004-2013-cü illərdə Gürcüstanın Prezidenti olan Mixail Saakaşvili 2021-ci ilin sentyabrında Tbilisiyə qayıdıb və elə həmin vaxt da həbs olunub.
O, iki cinayət işi üzrə qiyabi şəkildə azadlıqdan məhrum edilmişdi.
M.Saakaşvili həbs olunandan sonra üç dəfə aclıq elan edib: birincisi 2021-ci ilin oktyabr-noyabr aylarında 50 gün, ikincisi – 2022-ci ilin fevral-mart aylarında 20 gün davam edib.
M.Saakaşvili üçüncü dəfə aclığı 2022-ci il dekabrın 14-ü elan edib. Lakin elə həmin gün Avropa Parlamentinin deputatları onu aclıqdan imtina etməyə inandıra bilib.
Saakaşvilinin vəkilləri dəfələrlə onun sağlamlığının təhlükədə olduğunu bəyan edib.