Blinken Ukraynaya gəlib

Blinken Ukraynaya gəlib

08-09-2022 17:06 / Bu xəbər 1177 dəfə oxundu

ABŞ dövlət katibi Entoni Blinken sentyabrın 8-də Ukraynanın paytaxtı Kiyev şəhərinə gəlib.

Ukrayna mediası səfərin əvvəlcədən elan olunmadığını yazıb.

E.Blinkenin Ukraynanın yüksək rütbəli rəsmiləri ilə görüşdüyü bildirilib: "O, Co Bayden administrasiyasının Ukraynaya və NATO üzvləri və regional təhlükəsizlik üzrə tərəfdaşları da daxil olmaqla, 18 qonşusuna uzunmüddətli xarici hərbi maliyyələşdirmə üçün 2 milyard dollar ayıracağını bildirib”.

Bir az əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin Almaniyada Amerikanın "Ramşteyn” hərbi hava bazasında Ukraynaya dəstək üzrə Təmas Qrupunun iclasına qatılıb.

Nazir ABŞ-ın Ukraynaya 675 milyon dollarlıq əlavə hərbi yardım edəcəyini bildirmişdi.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.