Putin Navalnının ölümündən danışdı

Putin Navalnının ölümündən danışdı

18-03-2024 13:22 / Bu xəbər 750 dəfə oxundu

"Onu dəyişməyə razılaşmışdım”

Rusiya Prezidenti Vladimir Putin ilk dəfə müxalif siyasətçi Aleksey Navalnının koloniyada ölümü ilə bağlı danışıb.

"Cənab Navalnıya gəlincə… Bəli, o vəfat etdi. Bu, kədərli bir hadisədir. Bax, bizdə başqa hallar da olub ki, azadlıqdan məhrumetmə yerlərində olan insanlar ölüb. Bu ABŞ-da baş verməyibmi? Dəfələrlə baş verib”, – deyə Putin bildirib.

V.Putinin sözlərinə görə, Aleksey Navalnını Qərbdəki məhbuslarla dəyişməyə razı olub: "Yeri gəlmişkən, sizə deyim: cənab Navalnı vəfat etməzdən bir neçə gün əvvəl bəzi həmkarlarım mənə dedilər ki, onu Qərb ölkələrində həbsdə olan bəzi insanlarla dəyişmək ideyası var. Mənə inana da, inanmaya da bilərsiniz. Mənimlə danışan şəxs hələ cümləsini bitirməmişdi və mən artıq dedim: "Razıyam”. Onu bir şərtlə dəyişməyə razılaşdım ki, bir də qayıtmasın. Təəssüf ki, bu hadisə baş verdi. Amma həyatda belə şeylər də olur, bununla bağlı heç nə etmək olmaz. Bu, həyatdır”.

Fevralın 16-da Federal Penitensiar Xidmət Aleksey Navalnının Yamalo-Nenets dairəsinin Xarp qəsəbəsindəki koloniyada öldüyünü açıqlayıb.

Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən "Şeremetev” Hava Limanında saxlanılıb.

Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.