“SalamNews” və “İnterAz”ın rəhbəri məhkəmə qarşısına çıxarılır

“SalamNews” və “İnterAz”ın rəhbəri məhkəmə qarşısına çıxarılır

23-02-2024 01:55 / Bu xəbər 485 dəfə oxundu

Mətləb Bağırov İrandan Azərbaycana rəsmi qaydada bəyan etmədən pul gətirməkdə və s. əməllərdə təqsirləndirilir

"SalamNews” informasiya agentliyi və "İnterAz”ın rəhbəri, bir ildən çoxdur həbsdə olan Mətləb Bağırov yaxın günlərdə məhkəmə qarşısına çıxarılır. 

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Bu iş Leyla Əsgərova-Məmmədovanın sədrliyilə, Novruz Kərimov və Rasim Sadıqovdan ibarət hakimlər kollegiyasına həvalə olunub. 

Məhkəmənin ilk hazırlıq iclası fevralın 26-da keçiriləcək.

Hacı Mətləb kimi tanınan Mətləb Bağırova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş vəsaitləri leqallaşdırma – xeyli miqdarda törədildikdə), 206 (qaçaqmalçılıq), 213-cü (vergidən yayınma) və başqa maddələrilə ittiham irəli sürülüb.

44 yaşlı Mətləb Bağırov həmçinin dini-ekstremist məzmunlu materiallar yaymaqda, İrandan Azərbaycana rəsmi qaydada bəyan etmədən pul gətirməkdə və s. əməllərdə təqsirləndirilir.

Lakin o, bu ittihamları qəbul etmir və özünü təqsirli bilmir.

Onunla bağlı cinayət işində Dövlət Vergi Xidməti zərərçəkmiş qismində tanınıb. 

Bu qurumun nümayəndəsi də məhkəmə prosesində təmsil olunacaq.

Mətləb Bağırov 2023-cü ilin yanvarında həbs olunub. Həmin vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları "SalamNews” və "İnterAz”ın ofisində axtarış aparıb.

Mənbə: Meydan TV