Şəhid oğlu: Çingiz müəllim, dilimizi öyrənin, bütün saray öyrəndi...

Şəhid oğlu: Çingiz müəllim, dilimizi öyrənin, bütün saray öyrəndi...

09-11-2021 02:11 / Bu xəbər 2039 dəfə oxundu

İctimai fəal, şəhid övladı Nəriman İsmayıl yazıçı Çingiz Abdullayevi tənqid edib.

Arqument.az həmin videoçıxışı təqdim edir: 

"Bu gün sizinlə Çingiz Abdullayevə bir-iki kəlmə demək üçün görüşdük. Çıxışımı nə aparıcı, nə ictimai fəal nə də adi vətəndaş kimi etməyəcəyəm. Mən xalq yazıçısı sayılan Çingiz Abdullayevə bir şəhidin oğlu olaraq cavab vermək istəyirəm. 

Çingiz müəllim, sizin məlum çıxışınız bizləri həm üzdü, həm də, hiddətləndirdi. Hələ ikinci, açıqlama və malalama hissəsində qaş düzəldən yerdə vurdunuz göz də çıxardınız. İkinci çıxışınıza baxandan sonra əmin oldum ki, birinci çıxış təsadüfi deyildi. 

Məlum görüntüdə deyirsiniz ki, birinci Qarabağ müharibəsi deməyin, bu yalandır, müharibə olmayıb. Ondan sonrakı cümlədə də bu sözləri işlədirsiniz. Azərbaycanda 88-93-cü illərdə 7 rəhbər dəyişib. Mən deyəndə azərbaycanlılar inanmır. İnanın səmimiyyətimə azərbaycanlılara sizin nəyisə izah etməyinizə ehtiyac yoxdur. 

Özünüzü çox yuxarıdan aparırsınız. Azərbaycanlılar sizə niyə inansın ki, ondan öncəki cümlədə açıq yalan danışıb deyirsiniz ki, Birinci Qarabağ müharibəsi olmayıb. Etməyin. Bəs nə olub, yoldaş Abdullayev? 

Mənim Atam, qayınatam, minlərlə şəhid və Birinci Qarabağ müharibə əlilləri veteranları nə adla gedirdi döyüşə? Bu vətən müharibəsi idi. Müharibə idi. Sizin isə sözünüz başdan yalanla başlayıb yalanla bitdi. Mən Allah deyiləm ki, ağlınızdan keçənləri bilim. Mən zahirə baxıb sadəcə sizin dediklərinizdən üzr istəyirəm ifadəmə görə, iyrəndim. 

Sizin dediyiniz kimi Birinci Qarabağ müharibəsi olmasaydı düşmən sizin Bakıdakı evinizə kimi gəlib çıxardı. Siz Azərbaycan sözləri ilə rus xalq mahnılarının musiqisinə oynamaq istədiniz. 

Alınmadı...

Sonra daha irəli gedib deyirsiniz ki, ordu olmayıb. Mən yaxşı başa düşürəm, o zaman ölkə yenidən qurulurdu. Müharibənin ən qızğın vaxtlarını rəhmətlik Elçibəy və Heydər Əliyev idarə edib. 

Bir tərəfdən Heydər Əliyevə xilaskar deyirsiniz, digər tərəfdən onun ali baş komandan olduğu ordunu yox sayırsınız. Ordu yox idisə Ali Baş Komandan kimə və nəyə xidmət edirdi? Siz deyəsən anlayışları qarışdırdınız? 

Elə deyirsiniz ki, 88-93-cü illər. 

Atəşkəs müqaviləsi imzalanana qədər döyüşlər gedib. Mənim qayınatam 94-cü ildə şəhid olub. Amma siz insanları inandırmağa çalışırsınız ki, hər şey 93-də bitib. 

O zaman ordumuz tam formalaşmamışdı, silah sürsatı yetərli deyildi. Amma 88-94-cü illərdə necə oldu ki, erməni sizin Bakıdakı məhlənizə evinizə gəlib çıxmadı? Bax bunu Azərbaycanın o zamankı kasıb, ehtiyac içində boğulan amma əyilməyən, son damla qanına qədər düşməni geri püsgürdən Azərbaycan ordusuna borclusunuz. 

Ordu olmayıb başqa məsələdir, zəif olub, tam hazır olmayıb başqa məsələ. O bəyənmədiyiniz 92-93-cü illərdə hakimiyyətdə olanların zamanında bizim torpaqlarımızdan çıxan zəif rus ordusu, indi daha güclü və daha iddialı geri qayıdıb. 

Bunu niyə demirsiniz? 

Onların Azərbaycana ayaq basdığı, tankla, topla tam təchizatlı vəziyyətdə gəldiyi gün sizə "Dostluq” ordeni təqdim edilib. Ona görədirmi bu söz oyunu? Çingiz müəllim, sizin bütün kitablarınız uğurlu olub? 

Mən indi durub sizin hansısa satılmayan kitabınız haqqında o kitab yazılmayıb, o kitabın adını deməyin "bu yalanduu" desəm, bu yalan olmazmı? Qarabağ müharibəsi bir dastana döndü. Onun birinci hissəsini atalarımız, ikinci hissəsini qardaşlarımız yazdı. Kim nə bacardı, necə bacardısa, elədi. 

Çingiz Abdullayev, Birinci Qarabağ müharibəsi olub olmasına, ama siz əziyyət çəkib doğma dilimizi öyrənə bilməmisiniz. Dilimizi öyrənin. Bütün saray demək olar ki, birtəhər öyrəndi bir siz qaldınız. Şəhid ailələri 26-27 ildir ev növbəsinə dayanıb. 1000 cür problemləri var. Bunları dilə gətirməkdənsə, deyirsiniz ki, müharibə olmayıb. Yaxşı siz Allah…

Sizin haqqınızda müdafiə xarakterli yazanların əsas tezisi sizin dediklərinizin yanlış anlaşılmasıdır. Bunu da qeyd edim ki, bu bir söz adamı üçün çox ağır  bir məsələdir. Öz dilində, dogma dilində anlaşılmayan söz adamı, yazıçı xalq yazıçısı ola bilməz. Ən azından mən xalqamsa mənim sizin kimi yazıçım olmamalıdır.  

Buradan sizi müdafiə edənlərə də demək istəyirəm ki, istəyirsiniz Çingiz Abdullayevi oxuyun, istəyirsiniz Süleyman Rüstəmi. Amma Çingiz məəlimin çıxışı yalnız aparılan propaqandaya və ayrı-seçkiliyə hesablanmışdı. Və dediyi hər şeyi xüsusi ləhcəsi ilə, bilə-bilə, anlaya-anlaya deyib. 

Çingiz Abdullayev deyir ki mən çıxış edəndə orada şəhid ailələri var idi. 

Çingiz müəllim, düşünürəm ki, onlar sizin öyrənmək istəmədiyiniz azərbaycan dilini əzib-büzüb pis vəziyyətə gətirməyiniz nəticəsində nə dediyinizi anlamayıblar. Mən bir şəhid oğlu kimi əminəm, anlasaydılar, sizin cavabınızı yerindəcə verərdilər. 

Sonrakı  çıxışlarınızda yenə sözlərlə oynamağa üstünlük verdiyiniz açıq görünür. Deyirsiniz ki, mənim qardaşım Şuşada şəhid olub. 

Çingiz müəllim, öyrətmək kimi çıxmasın, Azərbaycanda qardaş ya eyni ata anadan, ya eyni anadan, ya da eyni atadan dünyaya gələn adamlara deyilir. Və ya kimisə qardaş qədər sevib ona "qardaşım" deyirlər. 

Mən nə qədər axtardım sizin şəhid qardaşınız haqqında məlumat tapa bilmədim. Amma yenə də şəhid olub dediyiniz şəxsin ruhu qarşısında baş əyirəm. İstəyir sizin qardaşınız olsun,  istər əminiz oğlu. 

Deməyə sözüm çoxdur, ancaq, düşünürəm ki dediyim söz, verdiyim mesaj yerinə, ünvanına çatacaq. Hər iki Qarabağ müharibəsində şəhid olanların ruhları qarşısında baş əyirəm. Vaxt ayırdığınız üçün təşəkkürlər".