Şennak: “Jurnalistlərin öz öhdəliklərini yerinə yetirdiklərinə görə həbs olunması yolverilməzdir“

Şennak: “Jurnalistlərin öz öhdəliklərini yerinə yetirdiklərinə görə həbs olunması yolverilməzdir“

17-04-2024 02:29 / Bu xəbər 662 dəfə oxundu

AŞPA üzrə məruzəçi Azərbaycandakı həbslərdən danışıb

"Azərbaycan hakimiyyəti həbs olunmuş jurnalistləri azad etməlidir”.

 Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə keçmiş məruzəçisi və media azadlığı üzrə məruzəçisi Stefan Şennakın (Stefan Shennach) sözləridir.

Stefan Şennak bildirib ki, jurnalistlərin öz öhdəliklərini yerinə yetirdiklərinə görə həbs olunması yolverilməzdir. 

"Turan” Agentliyi yazır. Məruzəçi bildirib ki, Azərbaycan hakimiyyət nümayəndələri neft və qaz satmaqla, hər şeyi riskə ata biləcəklərini düşünürlərsə, yanılırlar. Azərbaycan artıq bu mənada beynəlxalq siqnallar alıb: "Təkcə jurnalistlərin yox, həm də professor Qubad İbadoğlu, media sahəsində eskpert Ələsgər Məmmədli kimi siyasi və ictimai xadimlərin də həbslərə məruz qalması faktını necə qiymətləndirmək olar? Onların hər ikisinin səhhətində ciddi problemlər var, lakin hakimiyyət onları azad etmək çağırışlarına məhəl qoymur”, – məruzəçi əlavə edib.

Stefan Şennak

Stefan Şennak. Foto: "Turan”Şennakın sözlərinə görə, Avropa Şurası və bir çox beynəlxalq təşkilatlar onların azad edilməsində israr edir: "Tezliklə bizim yeni baş katibimiz olacaq və bu tələblər güclənəcək. Hakimiyyət başa düşməlidir ki, bu məsələ həll olunmalıdır”, - deyə o qeyd edib. 

Yanvarda AŞPA insan hüquqlarının pozulmasına görə Azərbaycanın nümayəndə heyətini səs hüququndan məhrum edib. Şennak bundan sonra nə olacağı ilə bağlı da danışıb. Deyib ki, Azərbaycan Avropa Şurasının üzvünə yaraşan şəkildə hərəkət etməlidir:

"Qəbul edilmiş qərara əsasən, Azərbaycan Avropa Şurasının müəyyən qərarlarını yerinə yetirdiyi təqdirdə məsələyə yenidən baxıla bilər”, – deyə Şennak vurğulayıb.

Ötən ilin sonlarından başlayaraq Azərbaycanda 10-dan artıq jurnalist həbs edilib, yaxud saxlanılıb. Həbs edilənlərdən əksəriyyəti "AbzasMedia”, "Toplum TV” və "Kanal 13” saytlarının əməkdaşlarıdır. 

"AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini, ictimai fəal Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. 

Bundan sonra isə araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib. Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. 

Bu maddə ilə onları 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Jurnalistlər həbslərini sırf peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Martın 6-da isə polis "Toplum TV”-nin ofisinə basqın edib, ofisdə, saytın bir neçə əməkdaşının evində, o cümlədən III Respublika Platformasının ofisində axtarış aparılıb. 

III Respublika Platformasının ofisindən 30 min avro, sayt əməkdaşlarının evlərindən isə 2700, 3100, 20000 avro pul vəsaiti tapıldığı bildirilib. 

Saxlanılanlardan Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Martın 8-də isə hüquqşünas, "Toplum TV”-nin təsisçilərindən olan Ələsgər Məmmədli mülki geyimlilər tərəfindən "İstanbul” Klinikasının önündə saxlanılıb. 

Həmin gün polis III Respublika Platformasının Qurucu Heyətinin üzvü Ruslan İzzətlini də saxlayıb. Hər ikisinin evində axtarış aparılıb. Ələsgər Məmmədlinin evindən 7300 dollar tapıldığı iddia edilib.

Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı onların evindən də "pul tapıldığını” qeyd edib. Bu işlə bağlı saxlanılanlardan Ələsgər Məmmədli ("Toplum TV”-nin təsisçisi), Müşfiq Cabbar ("Toplum TV”), Akif Qurbanov (III Respublika Platforması), Ruslan İzzətli (III Respublika Platforması), Ramil Babayev (Demokratik Təşəbbüslər İnstitutu), İlkin Əmrahov (Demokratik Təşəbbüslər İnstitutu), Əli Zeynala (Demokratik Təşəbbüslər İnstitutu) Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Özləri ittihamı qurama sayırlar.

İqtisadçı Qubad İbadoğlu Azərbaycanda iyulun 24-də saxlanıb. Barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib, sonradan həbs müddəti artırılıb. Ona qarşı saxta pul, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb. 

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.(Meydan TV)