Sevinc Vaqifqızı həbsdə qaldı

Sevinc Vaqifqızı həbsdə qaldı

27-11-2023 16:49 / Bu xəbər 858 dəfə oxundu

Jurnalist məhkəmədə araşdırmalarına görə siyasi sifarişlə həbs olunduğunu bildirib

Noyabrın 27-də Bakı Apelyasiya Məhkəməsində "Abzas Media”nın baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) haqqında həbs qərarından verilmiş şikayətə baxılıb. 

Hakim Habil Məmmədovun sədrliyilə keçirilən məhkəmə prosesində jurnalistin özü də iştirak edib.

Apelyasiya şikayəti Sevinc Vaqifqızı haqqında ilkin istintaq dövrü üçün 3 ay 29 günlük həbs qətimkan tədbiri seçilməsinə dair Xətai Rayon Məhkəməsində 22 noyabrda çıxarılmış qərardan verilib.

Apelyasiya Məhkəməsində jurnalist özü də, onun vəkili də bu qərarın qanunsuz və əsassız olduğunu bildirib.

Sevinc Vaqifqızı deyib ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə irəli sürülmüş ittiham saxtadır. 

Siyasi sifarişlə həbs olunduğunu deyən jurnalistin sözlərinə görə, əslində, o, yüksək vəzifəli şəxslərin korrupsiyası haqda araşdırmalarına görə cəzalandırılır.

Vəkilləri onun haqqındakı həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsi barədə də vəsatət veriblər.

Lakin Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Sevinc Vaqifqızının həbsdən buraxılmasına etiraz edib. 

Deyib ki, istintaq müddətində onun həbsdən buraxılması məqsədəuyğun deyil. Çünki istintaqın gedişinə təsir göstərə, yayına bilər.

Jurnalistin vəkili istintaq sirri hesab olunan materialların mediaya ötürülməsi, nəticədə Sevinc Vaqifqızının təqsirsizlik prezumpsiyası hüququnun pozulmasını da hakimlərin nəzərinə çatdırıb.

Lakin Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası apelyasiya şikayətini təmin etməyib. 

Sevinc Vaqifqızı haqqında 3 ay 29 günlük həbs qətimkan tədbiri qərarı qüvvədə saxlanılıb.

Jurnalistin vəkili Fariz Namazlı bildirib ki, qanunda qətimkan tədbiriylə bağlı qərarlarda şikayət üçün apelyasiya məhkəməsi sonuncu hüquqi müdafiə vasitəsidir. Yəni Ali Məhkəməyə şikayət nəzərdə tutulmayıb. 

Vəkillər Sevinc Vaqifqızının ev dustaqlığına buraxılması üçün növbəti dəfə məhkəməyə vəsatət vermək niyyətindədir.

Bundan əlavə, jurnalistin ailə üzvlərilə görüşmək və telefonla danışmaq hüququnun məhdudlaşdırılması barədə müstəntiqin qərarından da ayrıca məhkəməyə şikayət olunacaq.

Sevinc Vaqifqızı noyabrın 21-nə keçən gecə saat 2 radələrində ölkəyə qayıdarkən Bakıdakı hava limanında təyyarə yerə enən kimi saxlanılıb. 

Ondan əvvəl isə "AbzasMedia”nın direktoru Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.

Noyabrın 20-də "AbzasMedia”nın ofisində və Ülvi Həsənlinin evində, Sevinc Vaqifqızı saxlandıqdan dərhal sonra isə gecə saat 3 radələrində onun yaşadığı mənzildə axtarış aparılıb. 

Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib. Həm Ülvi Həsənli, həm də Sevinc Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Saytın direktor müavini Məhəmməd Kekalov da noyabrın 20-də saxlanılıb. 

İki gün ərzində onun yeri, nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib. 

İki gün sonra onun da eyni cinayət işi üzrə saxlandığı məlum olub. 

Noyabrın 23-də Xətai Rayon Məhkəməsində onun da barəsində həbs qərarı çıxarılıb.

Təqsirləndirilən şəxslərin heç biri qaçaqmalçılıq ittihamını qəbul etmir.