Sevinc Vaqifqızının danışığını kəsiblər

Sevinc Vaqifqızının danışığını kəsiblər

10-06-2024 15:02 / Bu xəbər 399 dəfə oxundu

Jurnalist Sevinc Vaqifqızının telefon danışığı kəsilib. 

Bu barədə siyasi fəal Nigar Həzi məlumat yayıb. 

O bildirib ki, bu barədə jurnalistin anası Ofelya Məhərrəmova məlumat verib: 

"İndicə Sevinc Vaqifqizinın anası Ofelya xanım zəng edib dedi ki, Sevinclə danışırdım. Danışıq müddətinin bitməsinə xeyli qalmış telefon danışığı kəsilib. Sevinc cəmiyyətə çatdırılası sözünü deyəndə onun telefon danışığı kəsilib. Bu açıq-aydın onu deməyə əsas verir ki, siyasi məhbusların  telefon danışıqları qanunsuz şəkildə dinlənilir". 
 
Korrupsiya araşdırmalarıyla tanınan "AbzasMedia” nəşrilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və Nərgiz Absalamova həbs olunub. 

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Noyabrın 20-də "AbzasMedia”nın ofisində axtarış aparılıb. 

Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, "AbzasMedia”da prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.