SMA seçkiləri rəqabətsiz və qeyri-demokratik adlandırdı

SMA seçkiləri rəqabətsiz və qeyri-demokratik adlandırdı

09-02-2024 17:57 / Bu xəbər 1000 dəfə oxundu

"Təzyiqlər azad və ədalətli seçki mühitini mümkünsüz edib”

Seçki Müşahidə Alyansı (SMA) 7 fevralda keçirilən növbədənkənar Prezident seçkilərini rəqabətsiz və qeyri-demokratik adlandırıb.

Bu barədə SMA-nın fevralın 9-da yaydığı ilkin bəyanatında qeyd olunub.

Bəyanatda bildirilib ki, Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün illərdir təkrarən verilən yerli və beynəlxalq tösviyələr bu dəfə də icra olunmayaraq qalıb: "2016-cı ildə Konstitusiyaya edilmiş qeyri-demokratik əlavələrdən istifadə edilərək seçkilərin erkən təyin olunması seçkilərin dövriliyi prinsipini pozub. Seçkilər ərəfəsində məhdudlaşdırıcı qanunlar və media və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiqlər seçkilərin bütövlüyü üçün əhəmiyyətli olan insan hüquq və azadlıqlarının boğulmasına səbəb olub, azad və ədalətli seçki mühitini mümkünsüz edib”.

"Rəsmi rəqəmlər arasında seçicilərin sayı ilə bağlı uyğunsuzluqlar seçicilərin qeydiyyatı prosesində dəqiqliyi və şəffaflığı sual altına qoyub. MSK 7 fevralda keçirilən seçkidə 6476721 seçicinin qeydə alındığını bəyan edib. Ancaq seçicilərin sayı ilə bağlı şəffaflıq təmin olunmayıb. Belə ki, hazırkı rəqəm 2020-ci ildə keçirilən Milli Məclisə seçkilər zamanı qeydə alınmış rəqəmdən əhəmiyyətlə dərəcədə fərqlənib. Bundan başqa MSK ilə Dövlət Statistika Komitəsinin seçici sayı ilə bağlı təqdim etdiyi məlumatlar arasında 2 milyondan çox fərq qeydə alınıb. MSK birinci uyğunsuzluğu COVID-19 pandemiyası və Ukrayna müharibəsi ilə əlaqədar ölkəyə qayıdan şəxslərin sayı ilə izah etsə də ümumi mənzərədə uyğunsuzluqlar və əsaslı izahın çatışmaması bu məlumatların düzgünlüyünə və prosesin şəffaflığına dair şübhələr yaradıb”, – deyə qurum bildirib.

"Ardıcıl 5-ci prezident seçkisində qadın namizədin olmaması və seçki idarəçiliyində qadınların aşağı iştirakı ilə müşahidə edilib. Qadınların seçki komissiyalarında iştirakı iyerarxiya pillələrində yüksəlikdcə azalır, rəhbər vəzifələrdə isə xüsusilə az qadınlara rastlanır. Etnik qrupların müxtəlif hesabatlarda əhalinin təxminən 10 faizi təşkil etdiyi bildirilsə də, seçki kampaniyaları zamanı onlarla bağlı məsələlər toxunulmur. Bununla belə missiya prezidentliyə namizədlər tərəfindən heç bir etnik qrupu hədəf alan, zorakılıq və ya ayrı-seçkilik təşviq edən ritorika müşahidə etməyib”, – deyə bəyanatda qeyd olunub.

SMA namizədlərin maliyyə məlumatlarının ictimaiyyətlə bölüşülməməsini şəffaflıq prinsipinin pozulması sayıb: "Ümumilikdə namizədlər hazırkı prezidentə qarşı ciddi siyasi rəqabət nümayiş etdirməyiblər və seçki dövrü ictimaiyyətin zəif marağı ilə yadda qalıb. Seçki günü geniş şəkildə prosedural qaydaların kobud pozulması halları ilə yadda qalıb və səsvermə nəticələrinin etibarlılığına dair şübhələrə səbəb olub”.

Alyans bildirir ki, bu seçkilərdə də qanunvericiliyin təkmilləşdirilməsi, institusional islahatların aparılması və demokratik seçkilər üçün siyasi iradənin nümayiş etdirilməsi fürsəti əldən verilib.

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirilib.

Seçkiyə 7 namizəd qatılıb.

Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edib.

Mərkəzi Seçki Komissiyası fevralın 8-də seçkinin ilkin nəticələrini elan edib.

MSK sədri Məzahir Pənahov bildirib ki, ilkin nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə Prezident seçkilərində liderlik edir.

"Fuad Əliyev – 24 min 799 səs (0,53 faiz); Qüdrət Həsənquliyev – 81 min 799 səs (1,76 faiz); Elşad Musayev- 31 min 33 səs (0,67 faiz); Fazil Mustafa – 92 min 980 səs (2 faiz); Razi Nurullayev- 37 min 386 səs (0,80 faiz); Zahid Oruc-101 min 851 səs (2,19 faiz)”.

Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar bu müddət fevralın 17-dək olan dövrü əhatə edir.