SMDT prezident seçkisi ilə bağlı ilkin rəyini açıqladı
08-02-2024 19:26 / Bu xəbər 662 dəfə oxundu
"Azərbaycanda 7 fevral 2024-cü il növbədənkənar prezident seçkisini uzunmüddətli qaydada - namizədlərin irəli sürülməsi, seçkiqabağı təşviqat, seçki günü səsvermə və səslərin sayılması prosesləri üzrə müşahidə edib”.
Bu barədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) -nin 7 fevral prezident seçkisi ilə bağlı açıqladığı ilkin rəyində deyilir.
Məlumatda qeyd edilir ki, SMDT seçki günü seçki məntəqələrinin təşkili və səsverməyə hazırlıqla bağlı cüzi çatışmazlıqlar qeydə alıb.
"Ancaq səsvermə və səslərin sayılması prosesində ənənəvi çatışmazlıqlar müşahidə olunub. Bu cür pozuntulara adları seçici siyahısında olmayan şəxslərin səsvermədə iştirakı, səsverməyə vətəndaşların qrup halında gətirilməsi və yerli icra strukturlarının seçki prosesinə müdaxiləsi halları daxildir. Bəzi seçki məntqələrində bir şəxsin bir neçə dəfə səsverməsi və səsvermənin gizliliyinin pozulması halları qeydə alınıb. Seçki günü, həmçinin bəzi seçki məntəqələrində müşahidəçilərə və jurnalistlərə təzyiqlər qeydə alınıb. Bu təzyiqlər Məntəqə Seçki Komissiyaları üzvlərinin səsvermənin aşkarlığı və şəffaflığı prinsiplərinə riayət etməməsi şəraitində baş verib”, - ilkin rəydə qeyd edilir.
Məlumatda vurğulanır ki, SMDT ilə əməkdaşlıq edən müşahidəçilər bəzi seçki məntəqələrində seçici fəallığı üzrə göstəricilərin rəsmi rəqəmlərdən xeyli fərqləndiyini qeydə alıblar: "Bu cür uyğunsuzluqlar bəzi seçki məntəqələrində bir şəxsin dəfələrlə səsverməsi və seçki qutularına toplu bülletenlərin atılması halları nəticəsində seçici fəallığının süni şəkildə şişirdildiyini iddia etməyə əsas verir”.
Təşkilat hesab edir ki, 7 fevral 2024-cü il növbədənkənar prezident seçkisi əlverişli demokratik siyasi mühit və həqiqi siyasi rəqabət şəraitinin çatışmaması ilə müşayiət olunaraq, azad və ədalətli seçkilər üzrə milli qanunvericiliyin və beynəlxalq standartların tələblərinə cavab verməyib.
"SMDT 7 fevral 2024-cü il prezident seçkisinin ölkədə müşahidə olunan siyasi durğunluğun aradan qalxması və vətəndaş-dövlət münasibətlərində qarşılıqlı siyasi etimadın yaranmasına rəvac verməsi üçün siyasi motivlərlə həbsdə olan ictimai fəallar və jurnalistlərin azad edilməsini, siyasi partiyalar, vətəndaş cəmiyyəti qurumları və müstəqil medianın fəaliyyətinə maneələrin aradan qalxmasını, Seçki Məcəlləsi və seçki təcrübəsinin Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyyələri əsasında təkmilləşdirilməsini zəruri sayır”, - ilkin rəydə qeyd edilib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) səsvermənin qeyri-rəqabətcil mühitdə keçirildiyini vurğulayıb.
MSK rəsmiləri seçkilərdə ciddi qanun pozuntularının olması ilə bağlı bu quruma şikayətlərin daxil omadığını bildirib.
İqtidarda olan Yeni Azərbaycan Partiyasının çoxsaylı rəsmilər ölkədə azad, ədalətli və demokratik seçkilər üçün qanunvericiliyin tələblərinə uyğun olaraq hər cür şəraitin yaradıldığını bəyan edib.