TƏBİB-dən “Respublikanski”nin Bilgəhə köçürülməsi ilə bağlı açıqlama

TƏBİB-dən “Respublikanski”nin Bilgəhə köçürülməsi ilə bağlı açıqlama

06-06-2024 18:47 / Bu xəbər 598 dəfə oxundu

"Xəstəxananın əsaslı təmirə ehtiyacı var"

Paytaxtın "20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən Respublika Klinik Xəstəxanasının ("Respublikanski”) əsaslı təmirlə əlaqədar Bilgəhə köçürülməsi narazılığa səbəb olub.

İşini itirmək təhlükəsi səbəbindən adlarının mətbuatda açıqlanmasını istəməyən xəstəxana işçiləri Meydan TV-yə bildiriblər ki, köçürülmə nəinki onların, hətta vətəndaşları da narahat edir.

"Xəstəxananın Bilgəhə köçürülməsi ilə bağlı qərara məntiqi izah tapmaq olmur. Soruşan da yoxdur ki, "20 Yanvar” hara, Bilgəh hara? Bu xəstəxanaya şəfa tapmaq üçün rayonlardan hər gün yüzlərlə insan müraciət edir. Qarşıdan isti yay gəlir və xəstələrin həkimlərin qəbuluna düşməsi üçün uzun yol qət edib, Bilgəhə getməsi həm işgəncədir, həm də əlavə xərcdir”, – şikayətçilər deyirlər.

İşçilər müvəqqəti olaraq Bakıda yerləşən xəstəxanalardan birinə yerləşdirilmələrini istəyirlər.

Deyirlər ki, məsələ ilə əlaqədar xəstəxananın direktoru Elviz Qasımova müraciət etsələr də, nəticəsi olmayıb: "Elviz Qasımova edilən müraciətlər və təqdim olunan ərizələrin zibil qutusuna atıldığı bildirilib. O, özünə yaxın adamlara imtiyaz tanıyıb, onları Bilgəhə göndərmir, təmir getməyən digər korpusda saxlayır. Bu da ayrıseçkilik və öz komandasını kollektivdən fərqləndirmək deməkdir. Ümumiyyətlə, Elviz Qasımovun nə etmək istədiyi başa düşülmür. Belə bir absurd hərəkət insanları işdən incik və əziyyətə salmaqdır”, – xəstəxananın işçiləri deyirlər.

Respublika Klinik Xəstəxanası məsələ ilə əlaqədar Meydan TV-nin sorğusunu cavabsız buraxıb.

Bildirilib ki, məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat veriləcək.

TƏBİB-dən Meydan TV-yə verilən açıqlamaya görə, Respublika Klinik Xəstəxanasının inzibati binasının uzun müddətdir ki, istismar olunması səbəbindən əsaslı təmirə ehtiyacı yaranıb.

Buna görə də xəstəxananın 6 terapevtik şöbəsinin müvəqqəti olaraq xəstəxananın inzibati binasından Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Hacıağa Dadaşov küçəsi 65 ünvanında yerləşən Modul tipli xəstəxanaya köçürülməsi prosesi aparılır.

Mərhələli təmir işləri ilə əlaqədar olaraq Xəstəxananın II korpusunda yerləşən Cərrahiyyə, Reanimasiya və Təcili Tibbi Yardım şöbələri I korpusa yerləşdirilir.

"Sadalanan şöbələr Respublikanın bütün rayonlarının və Bakı şəhərinin əhalisinə təcili və təxirəsalınmaz tibbi xidmət göstərir. Bu səbəbdən də I korpusda (terapevtik) 8 əməliyyatxana olmaqla lazım olan bütün infrastruktur yaradılıb. Hazırda gün ərzində 75-80 cərrahi əməliyyat icra olunur. Təkcə may ərzində 1 212 cərrahi əməliyyat icra olunub”, – Birliyin cavabında deyilir.

Əlavə olunur ki, xəstəxananın I korpusunda yerləşən 6 şöbə (Endokrinologiya, Qastroenterologiya, Kardiologiya, Pulmonologiya, Nefrologiya, Nevrologiya) və Terapevtik reanimasiya bölməsinin məhz həmin ünvana köçürülməyinə əsas səbəb isə köçürüləcək xəstəxanada çarpayı sayının müraciət edəcək pasiyent sayını qəbul edə bilmə imkanına malik olmasıdır.

"Görülən işlər qaydalara uyğun olaraq planlı şəkildə aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir. Cari təmirə dayanan II korpusun (Cərrahi) müasir standartlara uyğun təmirindən sonra bütün zəruri infrastrukturlar yaradılacaq. 12 müasir əməliyyatxana, angioqrafiya, 80 çarpayılıq reanimasiya, təcili tibbi yardım, mərkəzi sterilizasiya, cərrahi şöbələr istifadəyə veriləcək. Belə olduğu təqdirdə gündəlik əməliyyatların sayı 100-120-yə çatdırılacaq. Ən son müasir avadanlıqlar ilə təchiz olunan cərrahi şöbələrdə açıq və endoskopik üsulla bütün növ cərrahi əməliyyatlar icra olunacaq. Görülən bütün işlər əhaliyə müasir standartlara uyğun olaraq yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün nəzərdə tutulub”, – TƏBİB-in cavabında deyilir.

Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanası 1961-ci ildən istifadəyə verilib.

Xəstəxananın 2022-ci ilin dekabrından etibarən direktoru ortoped-travmatoloq Elviz Qasımovdur.