Tofiq Yaqublu: “Ölkənin bütün dələduzları yığışıb məni dələduzluqda ittiham edirlər”

Tofiq Yaqublu: “Ölkənin bütün dələduzları yığışıb məni dələduzluqda ittiham edirlər”

15-04-2024 17:08 / Bu xəbər 553 dəfə oxundu

Siyasi fəalın apelyasiya şikayəti təmin olunmadı

Müsavat Partiyasının və Milli Şuranın fəalı Tofiq Yaqublunun istintaq dövründə həbsdə saxlanma müddətinin daha 2 ay uzadılması haqda qərardan apelyasiya şikayəti verilmişdi. 

Şikayətə aprelin 15-də Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Siyasi fəal haqqında həbs qətimkan tədbirinin 2 ay uzadılması qərarı aprelin 6-da Nərimanov Rayon Məhkəməsində çıxarılıb. 

Həmin məhkəmədə olduğu kimi, apelyasiya instansiyasında da müstəntiq deyib ki, hələ istintaq yekunlaşmayıb. 

İstintaq davam etdiyinə görə də Tofiq Yaqublunun həbsdən buraxılması məqsədəuyğun deyil. Çünki istintaqdan yayınmaq, prosesin gedişinə təsir göstərmək ehtimalı var.

Tofiq Yaqublunun vəkili isə bildirib ki, müvəkkilinin həbsdə saxlanmasına heç bir əsas yoxdur. 

Vəkilin sözlərinə görə, o, heç bir cinayət törətməyib.

Tofiq Yaqublu özü də bildirib ki, heç bir cinayət törətmədiyi halda, siyasi sifarişlə 4 aydan çoxdur həbsdədir.

"Ölkənin bütün dələduzları yığışıb məni dələduzluqda ittiham edirlər. Nə sən hakimsən, nə də bu, məhkəmədir. Verilən əmri icra et və get…”, – Tofiq Yaqublu məhkəmədə belə deyib.

Bakı Apelyasiya Məhkəməsi də şikayəti təmin etməyib, Nərimanov Rayon Məhkəməsinin 2 aylıq uzatma qərarı qüvvədə saxlanılıb.

Tofiq Yaqublu dekabrın 14-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb və ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Tofiq Yaqublu xaricə göndərmək adıyla pul almaqda ittiham olunur. 

Siyasətçinin qızı Nigar Həzi bu ittihamın yalan olduğunu, atasını şərləmək məqsədilə müəyyən adamlardan istifadə olunduğunu bildirib: "Elnur Vaqifoğlu adlı biri var, uzun illər ərzində zaman-zaman müxtəlif adamlara qarşı cinayət işlərində ondan istifadə olunub. Özü də dələduzluğa görə məhkum edilib. İndi bundan atanı şərləmək üçün istifadə edirlər. Guya xaricə getmək istəyən biri Elnur Vaqifoğluna pul verib. O da vasitəçilik edib, pulu ataya verib. Tamamilə yalan, saxta, uydurma işdir. Belə bir şey olmayıb, ola da bilməzdi…”.

İddia olunur ki, pul dekabrın 8-də verilib, 11-də isə cinayət işi başlanıb. 

Nigar Həzi deyir ki, cəmi 3 gün ərzində cinayət işi başlanması və Tofiq Yaqublunun həbsi də bunun siyasi sifarişlə uydurulmuş iş olduğunu sübut edir.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. 

İddia olunurdu ki, o, "8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami Rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. 

Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30 sutkalıq həbs olunub.

Bundan başqa, o, 2021-ci il dekabrın 1-də etiraz aksiyasında saxlanmış, həmin gün axşam saatlarında buraxılmışdı. Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı. 

Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi. 

Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi. Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina etdi, belə nəticəyə gəldi ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.(Meydan TV)