Tofiq Yaqubunun işi üzrə istintaq yekunlaşdı

Tofiq Yaqubunun işi üzrə istintaq yekunlaşdı

17-05-2024 13:52 / Bu xəbər 638 dəfə oxundu

Siyasətçi özü və vəkilləri materiallarla tanış olandan sonra onun işi məhkəməyə göndəriləcək

Müsavat Partiyasının və Milli Şuranın fəalı Tofiq Yaqublunun işi üzrə istintaq yekunlaşıb. 

Bu barədə Meydan TV-yə siyasətçinin qızı Nigar Həzi məlumat verib.

Onun bildirdiyinə görə, müstəntiq istintaqın yekunlaşması barədə qərarı mayın 16-da Bakı İstintaq Təcridxanasında Tofiq Yaqubluya elan edib.

"Gələn həftə vəkillər Aqil Layıc və Nemət Kərimli cinayət işinin materiallarıyla tanış olacaqlar. Tofiq Yaqublu haqqında qondarma cinayət işi 4 cilddən ibarətdir. Bu cinayət işi birmənalı saxtadır, buna müstəntiq Abdulla Cəlilli də daxil olmaqla, Tofiq Yaqubluya qarşı saxtakarlıqla iştirak edən hər kəs öz adı kimi əmindir. Amma yenə də belə proseslərdə iştirakı özlərinə rəva görürlər”, – Nigar Həzi bildirib.

Siyasətçi özü və vəkilləri materiallarla tanış olandan sonra onun işi məhkəməyə göndəriləcək. Tofiq Yaqublunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Tofiq Yaqublu dekabrın 14-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb . Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Tofiq Yaqublu xaricə göndərmək adıyla pul almaqda ittiham olunur. Siyasətçinin qızı Nigar Həzi bu ittihamın yalan olduğunu, atasını şərləmək məqsədilə müəyyən adamlardan istifadə olunduğunu bildirib: "Elnur Vaqifoğlu adlı biri var, uzun illər ərzində zaman-zaman müxtəlif adamlara qarşı cinayət işlərində ondan istifadə olunub. Özü də dələduzluğa görə məhkum edilib. İndi bundan atanı şərləmək üçün istifadə edirlər. Guya xaricə getmək istəyən biri Elnur Vaqifoğluya pul verib. O da vasitəçilik edib, pulu ataya verib. Tamamilə yalan, saxta, uydurma işdir. Belə bir şey olmayıb, ola da bilməzdi…”.

İddia olunur ki, pul dekabrın 8-də verilib, 11-də isə cinayət işi başlanıb. 

Nigar Həzi deyir ki, cəmi 3 gün ərzində cinayət işi başlanması və Tofiq Yaqublunun həbsi də bunun siyasi sifarişlə uydurulmuş iş olduğunu sübut edir.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. 

İddia olunurdu ki, o, "8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. 

Bu dəfə Nizami Rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. 

Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. 

Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30 sutkalıq həbs olunub.

Bundan başqa, o, 2021-ci il dekabrın 1-də etiraz aksiyasında saxlanmış, həmin gün axşam saatlarında buraxılmışdı. 

Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı. 

Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi. Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi. 

Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina etdi, belə nəticəyə gəldi ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.