“Toplum TV” işi: beş şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

“Toplum TV” işi: beş şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

09-03-2024 10:08 / Bu xəbər 602 dəfə oxundu

Martın 8-də "Toplum TV” işi üzrə saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıb.

"Abzas Media”nın məlumatına görə, Xətai Rayon Məhkəməsinin qərarı ilə III Respublika Platformasının qurucu üzvü Akif Qurbanov və "Toplum TV” əməkdaşları İlkin Əmrahov, Əli Zeynal, Ramil Babayev, Müşfiq Cabbar barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. 

Eyni iş üzrə saxlanılan Fərid İsmayılov və Elmir Abbasov isə polis nəzarətində evə buraxılıb.

Martın 6-da polis "Toplum TV” müstəqil internet televiziyasının və III Respublika Platformasının ofisində əməliyyat aparıb. 

Ofisdə olan şəxslər kütləvi şəkildə polis idarəsinə aparılıblar.

Ümumilikdə ondan çox şəxs saxlanılıb. Onlardan Akif Qurbanov, Fərid İsmayılov, Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əmrahova qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq, qrup halında törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

"Toplum TV”nin və III Respublika Platformasının ofisilə yanaşı, saxlanılan şəxslərin evlərində də axtarış həyata keçirilib. 

Vəkillərin verdiyi məlumata görə, polislər "Toplum TV”nin ofisindən 30 min avro, saxlanılan şəxslərin evlərindən də müxtəlif məbləğlərdə xarici valyuta aşkarladıqlarını bildiriblər.

Bu gün isə "Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının üzvü Ruslan İzzətli saxlanılıb. Onların da evlərində axtarış aparılıb.

Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflının verdiyi məlumata görə, polis evdə axtarış zamanı xarici valyuta "aşkarladığını” bildirib.

Vəkilin sözlərinə görə, Ələsgər Məmmədlinin də evindən 60 min avro tapıldığı bildirilib.