Ukrayna ombudsmanının nümayəndəsi Donbasdan danışır

Ukrayna ombudsmanının nümayəndəsi Donbasdan danışır

24-02-2020 12:45 / Bu xəbər 1723 dəfə oxundu

Ukraynada siyasi dalğalanma fonunda Donbas bölgəsi kütləvi informasiya vasitələrinin diqqət mərkəzindən bir az yayınıb. "UkraineWorld” ölkənin insan hüquqları üzrə müvəkkilinin Donetsk və Luqansk bölgələrindəki təmsilçisi Pavel Lisyanski ilə söhbətləşərək həmin ərazilərdə və müharibə nəticəsində paralanan Donbasın cəbhə zonalarında nə baş verdiyini öyrənib.

Qondarma Donetsk və Luqansk xalq respublikalarından informasiya qıtlığı və hüquq müdafiəçilərinə tətbiq olunan məhdudiyyətlər gerçək mənzərəni çox qarışdırır. Kiyevdən olan hüquq müdafiəçiləri və jurnalistlərdən alınan qısa məlumatlar da Ukraynanın nəzarətində olan cəbhəyanı rayonlarda həyat haqqında tam təsəvvür yaratmağa imkan vermir.

Ukrayna ombudsmanının Donetsk və Luqansk bölgələrindəki təmsilçisi Pavel Lisyanski Kiyevdə nadir hallarda olur. O, vaxtının çoxunu səfərlərdə, müharibədən zərər çəkmiş Luqanskaya və ya Toretsk kimi ərazilərdə keçirir və Donbas sakinlərinin nələr yaşadığını öyrənir. Həm işğal altında olan, həm də dövlətin nəzarətində olan ərazilərin yenidən inteqrasiyaya ehtiyacı var, amma bunun üçün təmas xəttinin hər iki tərəfində baş verənlərə diqqət etmək lazımdır.

– Donbasın Rusiyanın dəstəyi altında işğal olunan ərazilərində ümumi vəziyyət necədir? Ötən ildə nələrsə dəyişibmi?

– Məhbusların dəyişdirilməsindən – bu, müsbət fakt idi – savayı heç bir şey. Amma ümumilikdə baxışlarda böyük dəyişiklik və ya buna işarə hiss olunmur. Qanunsuz silahlı birləşmələrin idarəçiliyi, işğal altında yaşayan insanlara nəzarət güclənir.

– Orada iqtisadi durum necədir? Təbliğatçı KİV-lər qondarma respublikalarda yaşayışı tərifləyir və iqtisadi artımın olduğunu deyirlər. Misal üçün, qondarma Donetsk Xalq Respublikasının başçısı bu yaxılarda elan edib ki, onlar 2022-ci ilə qədər dövlət müəssisələrində işləyənlərin maaşını və pensiyaları Rusiyanın Rostov vilayətindəki əməkhaqqı həddində artıracaqlar. Bəs real mənzərə necədir?

– Bildiklərim budur ki, onlar keçən il Ukraynada azot gübrəsinin ən qədim istehsalçılarından olan "Stirol” kimya zavodunun fəaliyyətini dayandırıblar; Makeyevkada şaxtanın istismarı seysmik fəsadlara gətirdi, yeraltı partlayışlar nəticəsində isə Makeyevka rayonunda yaşayan sakinlərin evlərinə ziyan dəydi.

Qondarma LXR-də şaxtaçılara əməkhaqqı borcu yarandı.

Mən yaxşılaşma olduğunu deyə bilmərəm. Əksinə, onlar müəssisələri bağlayırlar. Məsələn, qondarma DXR-də polad tellərin istehsalı üzrə ixtisaslaşmış zavodu qapadırlar. Orada iqtisadiyyat dayanır. Ancaq öz siyasi layihələrini genişləndirir və buna bənzər təbliğatçı xəbərləri maliyyələşdirirlər.

– Və insanlar orada başlarına nə gəldikilərini görə-görə belə Rusiya yönlü təbliğata inanır?

– Bəziləri inanır, çünki işğalçılar bütün nəşrlərində Ukraynanı günahlandırır və deyirlər ki, mövcud vəziyyət Ukraynanın Donbası blokadaya alması səbəbindən yaranıb.

– İnanmayanları isə qanunsuz həbsə salmaqda davam edirlər. Yanvar ayının ortalarında Üçtərəfli Əlaqə Qrupunun humanitar alt qrupunda Ukraynanın nümayəndəsi Valeriya Lutkovskaya belə bir nəticəyə gəldi ki, hələ də 300 ukraynalı qondarma Donetsk və Luqansk respublikalarının Rusiyadan dəstək görən silahlı qruplarının əsirliyində saxlanır. Şərq Hüquq Müdafiəsi Qrupu bildirmişdi ki, təkcə 2019-cu ilin dekabrında, məhbusların dəyidirilməsindən əvvəl qondarma Luqansk Xalq Respublikasında 7 nəfər, Donetskdə 4 nəfər tutulub. Onlar indi kimi tuturlar və hansı səbəbdən?

– LXR və DXR-in işğal olunmuş ərazilərində insanları siyasi motivlərlə həbs edirlər. Mənim Minsk prosesinə aidiyyətim yoxdur, amma ofisimizin əməkdaşlıq etdiyi hüquq müdafiəçilərinin məlumatına əsasən, qanunsuz silahlı birləşmələr insanları həbs edərək öz mübadilə fondunu yaradır. Biz qohum-əqrəbasının həbsindən şikayətlənən insanlardan yeni məlumatlar almaqda davam edirik.

– Donbasda gənclərin militarizasiya kampaniyası nə qədər ciddi təşkil olunub?

– Bizim tərəfdaşlarımız, Şərq Hüquq Müdafiəsi Qrupu bu mövzuya diqqət cəlb ediblər və bunun üzərində iş gedir. Kampaniya çox iddialıdır və bura sərmayə qoyulur. Bu, təkcə gənclərin militarizasiyası deyil, həm də uşaqların dərindən siyasiləşməsi deməkdir. Bu, onların maraqlarına qulluq edən yeni gənc siyasi qvardiyanın yaradılması deməkdir.

– Ukraynanın nəzarətində olan tərəfdən danışaq. Yeni hökumətin gəlməsi ilə ön xətdəki adamların, əsasən da təmas xəttini şəxsi məqsədləri səbəbindən keçməli olan insanların həyatı dəyişibmi?

– Hökumət təmas xəttini keçmə prosesini sadələşdirib. Hazırda ukraynalı nazirlər, xüsusilə də veteranlar, müvəqqəti işğal edilmiş ərazilər və daxili məcburi köçkünlərlə iş naziri təmas xəttinə tez-tez səfər edir. Amma mən Ukrayna Ali Radasının insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi olaraq həmişə deyirəm ki, cəbhə xəttindəki kəndlərdə lazımi tibbi yardım göstərilmir. Yollar çox pisdir və təəssüf ki, təcili yardım maşınları kömək lazım olan yerlərə yetişə bilmir.

Bəli, Luqanskayada körpü təmir olunub, bu, yaxşı əlamətdir. Amma Donbasdakı Toretsk kimi kiçik şəhərləri götürəndə… Fərdi müəssisə olan Müqəddəs Moskva Matronası adına şaxtada maaşlar ödənmir. Artıq iki-üç aydır mədən işçiləri sahibkarı əməkhaqqı ödəməyə məcbur edə bilmir. Orada vəziyyət daha gərgindir.

Milli qanunvericilikdə Donbasda insanların həyatını dəyişə biləcək heç bir radikal yenilik baş verməyib. Və biz qəbul edilməsi planlaşdırılan yeni qanunlardan, məsələn, Əmək Məcəlləsindən nə gözləyəcəyimizi bilmirik. Müdafiə, təhlükəsizlik və bu kimi hüquqlara gəlincə, mən heç bir dəyişiklik görmürəm. Belə deyək də, stabil sülh üçün zəmin var, amma bir o qədər də yox.

– Hökumət ambulator və tibbi yardımı təmin etmək üçün hansısa tədbirlər planlaşdırırmı?

– Mən hökumətin iclasında ombudsman Lüdmila Denisovanın adından bu haqda danışmışam. Birbaşa hökumət üzvlərinə və baş nazirə demişəm ki, ya əlavə ambulator klinikalar açın, ya da ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün həkimlərin mütəmadi səfərlərini təşkil edin.

– Hansı şəhər və kəndlərin təcili yardıma və dövlətin dəstəyinə daha çox ehtiyacı var?

– Təmas xəttinə yaxın olan yerlərdə. Cəmi 40 sakinin yaşadığı Opıtnoye qəsəbəsini tam bərpa etmək lazımdır. Təmas xəttindəki Yujnoe və Toretsk məntəqələrinin, Donetsk vilayətində Debaltsevodan 10 kilometr məsafədə yerləşən Luqanskaya kəndinin qayğıları çoxdur. Beynəlxalq təşkilatlar orada işləyir, amma nəzərə almaq lazımdır ki, onlar insan hüquqlarını müdafiə etmək üçün heç də həmişə səlahiyyətli deyillər.

– Bir halda ki, daim orada olursunuz, sizcə, Ukrayna ilk növbədə Donbasda hansı aktual problemləri həll etməlidir?

– Birincisi, biz tərk edilmiş şaxtaların hansı vəziyyətdə olduğunu, oradakı suyun səviyyəsini və boşaldılıb-boşaldılmadığını, qrunt sularının ora axıb-axmadığını, nə qədər metalın oğurlandığını və daşındığını belə bilmirik. Mən hələ 2016-cı ildə demişdim ki, reinteqrasiya dedikdə həqiqətən nəyi reinteqrasiya etdiyimizi bilməliyik. Bu gün jurnalistlərin və hüquq müdafiəçilərinin təqdim etdiyi informasiyalardan savayı başqa rəsmi məlumatımız yoxdur. Bax ona görə də hazırda işğal olunmuş ərazilərdə sənayenin real durumunu, şaxtalarda, zavodlarda və digər müəssisələrdə nə baş verdiyini bilmirik.

Azadlıqdan məhrumetmə yerlərindən də xəbərimiz yoxdur. Keçid dövrü ilə bağlı davam edən müzakirələr kontekstində başa düşməliyik ki, "casusluq” ittihamı ilə həbs edilən siyasi məhbuslardan başqa həqiqətən cinayət törətmiş, qondarma DXR və LXR-in "hüquq mühafizə orqanları”nın həbsə məhkum etdiyi şəxslər də var. Biz deyirik ki, bu strukturları tanımırıq. Ukrayna sərhəddə nəzarəti bərpa edəcək və əraziləri qaytaracaq, sonra nə olacaq? Səhv etmirəmsə, orada azadlıqdan məhrumetmə yerlərinin sayı 16-dır və reinteqrasiya olarsa, həmin insanların niyə həbs olunduğunu və sonrakı talelərini anlamamız gərəkdir. Bu, çox incə məsələdir, problemlərin həllini tapmaq üçün bizə ekspertlər və mütəxəssislər lazımdır.

Üçüncü məsələ məktəb proqramlarıdır. Beş ildir uşaqlar Rusiya Federasiyasının tədris proqramı üzrə təhsil alır. Şagirdlər hər gün LXR və DXR-in himninə qulaq asırlar.

Bizim məlumatlarımıza görə, bu illər ərzində onlar 89 milyon tona yaxın kömür çıxarıb daşıyıblar. Bu, Ukraynaya və onun xalqına məxsus olan yeraltı sərvətdir. Onlar kömürü haradan çıxarıblar? Keçmiş dövlət sektorunun kömür mədənlərindən, yoxsa başqa yolla ortaya çıxan şaxtalardan? Əgər sonuncu variantdırsa, deməli, bunu araşdırmalıyıq və bunun üçün torpaqların geri alınması tələb olunur.

Ekoloji durumu yaxşılaşdırmaq məqsədilə yerinə yetirilməsi vacib olan müxtəlif məsələlərin uzun siyahısı var. Bunlar yalnız aşkarda görünən problemlərdir. Biz bütün dövlət mexanizmlərini işə salmalıyıq ki, əhali dövlətin qayıtdığına və onun qayğısına inansın.

– Siz bərpadan, təkrar inteqrasiyadan, keçid ədalət prosesindən söz açdınız. Biz bu sahədə heç bir nəticə, hətta Ukraynanın gec-tez öz əraziləri üzərində nəzarəti bərpa etdikdən sonrakı işlər planını görmürük. Bu prosesin indi başlanması nə qədər vacibdir?

– Mənim Debaltsevodan reinteqrasiya təcrübəm var. Faşevkdə mədən direktorunun müavini işləsəm də, Debaltsevoda yaşamışam. Ukrayna ordusu Debaltsevonu azad edəndə orada heç kim qalmamışdı. Azad olunmuş Baxmut və Kramatorskda isə adamlar sadəcə getməyə imkan tapa bilmədikləri üçün qalmışdılar. Debaltsevoda isə durum fərqli idi. Yeni təyin olunmuş polis rəisi ilə – sonra onu qətlə yetirdilər – təkrar inteqrasiya və dövlət hakimiyyətinin bərpası üzərində işləmişdik.

Əlbəttə, bunu indiki situasiya ilə müqayisə etmək olmaz, çünki Debaltsevo cəmi bir ay və ya bir aya yaxın müddətdə Ukraynanın nəzarətindən çıxmışdı. Bu təcrübədən çıxış edərək bilirəm ki, reinteqrasiya əziyyətli işdir. Biz bütün dövlət mexanizmlərini dərhal dəyişməli və işə salmalıyıq ki, əhali dövlətin qayıtdığına və ona qayğı göstəriləcəyinə inansın. Biz bunu qabaqcadan planlaşdırmalı və tez bir zamanda həyata keçirməliyik ki, insanlar nəticələri görə bilsin.

İrina Matviişin,
"İnternyus-Ukrayna” və "UkraineWorld”ün jurnalisti
Material ilk dəfə "UkraineWorld” də dərc olunub.