Vəkillər Kollegiyası "zibil əməliyyatı"na görə Cavad Cavadova xəbərdarlıq etdi
11-06-2020 18:30 / Bu xəbər 2614 dəfə oxundu
Polisin iyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində "zibil” əməliyyatından sonra vəkil Cavad Cavada təzyiqlər başlayıb.
Belə ki, Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti vəkil Cavad Cavadova xəbərdarlıq edib.
Vəkillər Kollegiyasının rəsmi saytda yerləşdirilmiş məlumatda deyilir: ""İyunun 7-də Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən yaşayış massivinin ərazisində baş vermiş hadisələrlə bağlı Kərim Süleymanlı adlı şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən saxlanılıb və o, sonradan azad edilib. Bakı şəhəri 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavad Cavadov müqavilə əsasında vətəndaş K.Süleymanlıya hüquqi yardım göstərir".
"İyunun 9-da vəkil C.Cavadov sanki bir jurnalist kimi K.Süleymanlıdan müsahibə götürüb, aldığı məlumatları sosial şəbəkələrdə yayıb və məsələyə geniş ictimaiyyət tərəfindən yanlış fikir formalaşdırılmasına rəvac verib. Bununla da vəkil C.Cavadovun hərəkətləri ”Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və "Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin tələbləri ilə ziddiyyət təşkil edib", - açıqlamda bildirilir.
Rəsmi məlumata görə, Cavad Cavadov Kollegiyaya çağırılıb və xəbərdarlıq edilib: "Qeyd edilənlərlə əlaqədar vəkil Cavad Cavadov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə dəvət olunaraq, onunla müvafiq söhbət aparılıb. Cavad Cavadova xəbərdarlıq edilərək tapşırılıb ki, vəkillik fəaliyyətini həyata keçirərkən qanunvericiliklə nəzərdə tutulmuş üsullardan istifadə etsin və ona bildirilib ki, gələcəkdə belə hərəkətlər davam etdirilərsə, daha ciddi tədbirlər görüləcək".
Cavad Cavadov Arqument.az açıqlama bildirib ki, Süleymanovlar ailəsinin müdafiəsini qanunveriliyə uyğun olaraq davam etdirəcək: "Vəkillər Kollegiyasının rəhbərliyi, Rəyasət Heyətinin üzvləri ilə normal, qarşılıqlı hörmətə əsaslanan münasibətlərim var. Kollegiyanın bu qərarını şərh etmirəm, amma öz fəaliyyətimi, o cümlədən Süleymanovlar ailəsinin müdafiəsini qanunveriliyə uyğun olaraq davam etdirəcəyəm, onların pozulmuş hüquqlarının bərpası üçün bütün zəruri addımları atacağam".
Nizami