"Vəkillərin bərpası ilə bağlı göstəriş Prezident Administrasiyasından gəlib"

06-05-2021 17:50 / Bu xəbər 3296 dəfə oxundu

Xalid Bağırov: "Uşaq özünü yaxşı aparmalıdır, valideyn bunu ona xatırlatmamalıdır"

Vəkillər Kollegiyasının sədri Anar Bağırov mayın 5-də 3 vəkilin quruma bərpa edilməsini Ramazan bayramı ərəfəsində humanizm prinsiplərini əsas tutmalarıyla bağlasa da, bəzi suallar açıq qalır.

Xüsusilə ABŞ Dövlət katibi Entoni Blinkenin Şəhla Hümbətovanın kollegiyadan çıxarılmasına öz narazılığını ifadə edən status paylaşması, ardınca Prezident İlham Əliyevlə telefon danışığında məsələni qaldırması diqqət çəkib. Bu mənada Qərbdən gələn mesajların niyə siyasi məhbus, vətəndaş cəmiyyəti və digər məsələlərdə müsbət təsirə malik olmaması sual doğurur.

Azər Qasımlı: "Həm çıxarılma, həm də bərpa qərarı siyasidir"

Politoloq Azər Qasımlı səslənən sualların cavabının Azərbaycan iqtidarının avtoritar mahiyyəti ilə əlaqələndirir.

Onun fikrincə, ölkədə qurulan avtoritar rejimin məqsədi medianı, sivil toplumu və siyasi partiyaları təzyiq altında saxlamaqdır:

"Qərbdən hər hansı istək və ya təzyiq olursa, o zaman hökumət müəyyən yumşalmaya gedir. Nəticədə, Şəhla Hümbətovanı və onunla bərabər iki vəkili kollegiyaya bərpa etməklə geriyə addım atırlar. Amma ümumi baxımdan yanaşdıqda, sistem dəyişmir. Bilirsiniz, kollegiya da digər adı müstəqil qurumlar olan parlament, məhkəmələr, bələdiyyələr kimi Prezident Administrasiyası tərəfindən idarə olunur, bunların azad fəaliyyəti yoxdur. İcraedici orqan olan administrasiya bütün müstəqil olmalı olan qurumlara nəzarət edir və fəaliyyətlərini yönəldir. Əslində, dünən bərpa olunan vəkillər kollegiyadan çıxarılanda da göstəriş administrasiyadan gəlib, yəni siyasi qərar olub və bərpa ediləndə də siyasi qərar əsas götürülüb”.

Azər Qasımlı
Mənbə: Meydan TV

Azər Qasımlı 5 may qərarından sonra Vəkillər Kolegiyasının fəaliyyətinin yenə əvvəlki qaydada davam etdiyini və qurumun digər vəkillərə münasibətinin dəyişmədiyini bildirib: "Məsələn, Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq, Xalid Bağırov hələ də kollegiyaya bərpa olunmayıb. Nəzərə alın ki, Xalid Bağırov dünən kollegiyaya bərpa olunan vəkillərdən əvvəl qurumdan çıxarılıb və Avropa İnsan Hüquqları Məhkəməsi Bağırovun şikayətinə müsbət cavab verib. Hazırda onun işi Avropa Şurasının Nazirlər Komitəsindədir. Bütün bunlara baxmayaraq, Xalid Bağırovun hüquqları bərpa olunmur”.

Anar Məmmədli: "İllüziya yaratmağa çalışırlar ki, Azərbaycanda sərt avtoritarizm yoxdur"

Hüquq müdafiəçisi Anar Məmmədli vətəndaş cəmiyyətinin məsələlərinin tərkib hissəsi kimi vəkillik institutunun da gündəlikdə olmasını zəruri sayır: "Çünki vəkillik institutu vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı zəruri instututlardan biridir. Demokratik cəmiyyətlərdə vəkillik instututuna yanaşma belədir. O baxımdan Azərbaycan vəkillərinin təzyiqlərə məruz qalması, kollegiyadan çıxarılması elə birbaşa vətəndaş cəmiyyətinə olan təzyiqlər kimi qəbul edilməlidir”.

Anar Məmmədli hesab edir ki, problemləri həll etmək niyyətində deyil: "İstər vətəndaş cəmiyyəti, media və ifadə azadlığı, istərsə də siyasi təşkilatlara münasibətdə ciddi problemlər var. Amma bir məqam var ki, hakimiyyət maksimum bu proseslərdən yayınmağa çalışır. Hökumət istəyir ki, ən azından müəyyən dönəm üçün xırda, kosmetik dəyişikliklərlə, kiçik addımlarla beynəlxalq təzyiqləri bir növ neytrallaşdıra bilsin. Əlbəttə, hökumətin niyyəti olsa, problemləri həll edər. Amma hakimiyyətin siyasi niyyəti olmadığı üçün nə vətəndaş cəmiyyəti, nə siyasi partiyalar, nə də media ilə bağlı problemləri köklü şəkildə həll edilir. Sadəcə, 4-5 siyasi məhbus azadlığa çıxır, 2-3 vəkil kollegiyaya bərpa olunur və başqa addımlarla imitasiya etməyə çalışırlar. İllüziya yaratmağa çalışırlar ki, Azərbaycanda sərt avtoritarizm yoxdur, beynəlxalq institutlarıyla hesablaşırlar”.

Anar Məmmədli
Mənbə: Meydan TV

Anar Məmmədlinin fikrincə, Azərbaycan hakimiyyətinin siyasi iradəsi formalaşmayana qədər problemlər həlli olunmayacaq: "Yalnız siyasi iradə formalaşdırdıqdan, daxillərində güvən yarandıqdan sonra media, siyasi partiyalar, vətəndaş cəmiyyəti ilə bağlı problemlərin rahat, köklü və kompleks şəkildə həllinin şahidi olacağıq. Amma indi bunun heç bir işartısı yoxdur”.

Xalid Bağırov: "Avropa Məhkəməsinin qərarı icra olunmur"

Kollegiyadan uzaqlaşdırılan vəkil Xalid Bağırov Meydan TV-yə deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin onunla bağlı qərarı icra olunmur:

Xalid Bağırov
Mənbə: Meydan TV

"İcranın da müxtəlif yolları var. Əgər mənim kollegiyadan çıxarılmağım məhkəmə qərarı ilə gerçəkləşibsə, həmin məhkəmə qərarları ləğv edilməlidir. Məhkəmə qərarlarını ləğv edilməsi səlahiyyəti də Ali Məhkəmənin Plenumuna aiddir. Mənimlə bağlı qərarın yerinə yetirilməməsinin Avropa Şurasının Nazirləri Komitəsində baxılmasına gəlincə, bu qurum nəzarət edir, Ali Məhkəmənin Plenumu onu gözləmədən qərar verməlidir. Yəni Avropa Məhkəməsinin qərarını icra etmək üçün nəzarətçiyə ehtiyac yoxdur. Artıq qərar varsa, icra etsinlər. Obrazlı desək, uşaq özünü yaxşı aparmalıdır, valideyn bunu ona xatırlatmamalıdır".