Vüsalə Əhmədova: “İldə bir neçə bank müflis elan olunaraq bağlanacaqsa...”

Vüsalə Əhmədova: “İldə bir neçə bank müflis elan olunaraq bağlanacaqsa...”

26-02-2021 00:13 / Bu xəbər 10029 dəfə oxundu

İqtisadçı ekspert Vüsalə Əhmədova elektron ticarət (e-ticarət) barədə "Toplum TV"-nin suallarını cavablandırıb.

- Vüsalə xanım, son illərdə dünyada və ölkədə elektron ticarət dövriyyəsi necə dəyişdi? Ötən il pandemiya ilə bağlı yaranan vəziyyət bu prosesə təsir göstərdimi?

- Dünya miqyasında e-ticarət dövriyyəsi durmadan artır. Pandemiya isə bu prosesi daha da sürətləndirdi. Dünyada e-ticarət dövriyyəsinə nəzər yetirsək, 2015-ci ildə 1 trilyon 943 milyard dollar, 2016-cı ildə 2 trilyon dollar, 2018-ci ildə 2,5 trilyon dollar olan dövriyyə 2020-ci ildə 4 trilyon dollar səviyyəsinə çatdı. Azərbaycanda 2018-ci ildə pərakəndə satış dövriyyəsi 37.1 milyard manat, e-ticarət dövriyyəsi isə cəmi 40 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin açıqlamasında 2020-ci ilin yanvar-avqust ayları üzrə elektron ticarət dövriyyəsinin 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə cox olduğu bildirilir. Amma elektron ticarətin pərakəndə ticarət dövriyyəsində payı ümumilikdə 0,2%-i keçmir.

- Sizcə, Azərbaycanda e-ticarət həcminin az olmasının əsas səbəbləri hansılardır? 

- Burada bir sıra obyektiv və subyektiv səbəblər var. Öncə insanların banklara olan inamı artırılmalıdır. İldə bir neçə bank müflis elan olunaraq bağlanacaqsa, təbii ki, banklara inam qalmayacaq. Bundan başqa, internet bankçılığı kifayət qədər inkişaf etmiş olmalıdır ki, elektron ticarət də inkişaf etsin. Bankda hesabın açılması, pul transferləri, ödəmə və kart əməliyyatları internet vasitəsilə komissiyasız həyata keçirilməlidir. Ölkədə istifadədə olan 5 milyon 558 min ədəd bank kartlarının 2 milyon 545 min ədədi sosial, 1 milyon 702 min ədədi əməkhaqqı, 745 min ədədi isə digər kartlardır. Əməkhaqları və təqaüdlər plastik kartlarla verilir ki, insanların böyük əksəriyyəti bu kartlardan yalnız nağd pulun çıxarılması üçün istifadə edirlər. Əməliyyatlar zamanı tətbiq edilən komissiya haqlarının yüksək olması və bir çox digər səbəblərdən vətəndaş plastik kartında vəsait saxlamaqda tərəddüd edir. Ölkədə internet sürətinin olduqca aşağı olması da e-ticarət həcminə mənfi təsir göstərən amillərdəndir. UNCTAD reytinqində Azərbaycan internet istifadəçilərinin payına görə 81-ci yerdədir. Sadalananlardan əlavə, internetdə satılan malların qiymətinin mağazadakından baha olması, çatdırılma xidmətinin aşağı olması, məhsulun təhvil verilməsi və ya geri qaytarılması zamanı da çətinliklər yaşanır. Bundan başqa, internet üzərindən alış-veriş etmək üçün vətəndaşların kifayət qədər informasiyaya malik olmaması, güvənsizlik səbəbindən bank kartı və ya şəxsi məlumatları vermək istəməməsi və s. kimi problemlər də var. Bütün bunları e-ticarətə mənfi təsir edən səbəblər kimi göstərə bilərik.

- Sizin əvvəllər KİV-də "elektron ticarət ƏDV-dən azad edilsin” kimi çağırışlarınız da olub. Bu sahədə nə kimi irəliləyişlər var?

- Bəli, olub. 2016-cı ildə hökumət internet saytlarından ediləcək onlayn alış-verişlər üçün 18%-lik ƏDV tətbiq edib. Elektron ticarətlə məşğul olanların ƏDV-dən azad edilməsi barədə isə hələ ki müzakirələr gedir.

- Sizcə, insanların e-ticarətdən gözləntisi nədir?

- Vətəndaşın e-ticarətdən gözləntisi təhlükəsizlik, sürət, bol məhsul çeşidi və əlverişli qiymətdir. Gözləntilərdən birində çatışmazlıq yarandığı təqdirdə insanlar geri çəkilir.
 
- Mobil cihazlar vasitəsilə reklam və təşviqat işləri son illərdə necə inkişaf edir?

- Mobil internet reklamlarını götürsək, 2014-cü ildə bu sahə üzrə gəlirlər 22 milyard dollar olduğu halda, 2020-ci ildə 65 milyard dollara çatıb. Araşdırmalara görə, internet istifadəçilərinin 47%-i bir məhsulun sosial mediada reklamını gördükdən sonra onu satın almaq qərarına gəlirlər. Sosial şəbəkə istifadəçiləri şəbəkələri alış-veriş deyil, ünsiyyət qurma vasitəsi olaraq görsələr də, məhsul reklamı üçün əsas yer sosial mediadır. 

- Onlayın alış-verişi sevməyənlər də az deyil.

- Bunun da öz səbəbləri var. Bir mağazaya daxil olduğunuz zaman satış məsləhətçisi sizə yaxınlaşaraq təxmini nə cür məhsula ehtiyacınız olduğunu soruşur və mağazada olduğunuz müddət boyunca uyğun olan bütün alternativlərisizə təqdim edərək tövsiyyə edir. Onlayn alış-veriş zamanı isə fiziki mağazada rastlaşdığınızdan dəfələrlə çox məhsulla qarşılaşırsınız və heç bir satıcı sizə kömək etmir. Onlayn alış-veriş zamanı da insanların bu cür dəstəyə ehtiyacı var. Qlobal konsaltinq və peşəkar xidmətlər şirkəti olan "Accenture” tərəfindən istehlakçılar arasında aparılmış bir araşdırmaya görə, respondentlərin 39%-i seçimlərin həddindən çox olması səbəbindən hər hansı bir e-ticarət saytını tərk edərək fiziki mağazalara üz tuturlar. "Rəqəmsal məsləhətçi” adlandırılan texnologiya sayəsində onlayn alış-veriş edənlərə müvafiq tövsiyələr verilməsi də təmin olunur. Texnologiyada çıxış alqoritmləri tətbiq olunur, müştərilərin ehtiyacları təhlil etdildikdən sonra ən uyğun məhsullar müəyyənləşdirilərək tövsiyə edilir və istehlakçıların ehtiyaclarına görə ən yaxşı məhsulu tapmalarına kömək edilir. Bundan əlavə, hər bir müştəri alış-veriş saytını ziyarət zamanı özünə fərdi münasibət arzu edir. İstifadəçinin daxil etdiyi şəxsi məlumatlar, satınalma vərdişləri, əvvəlki seçimləri, demoqrafik və coğrafi yer kimi parametrlərdən istifadə edilərək fərdiləşdirmə aparmaqla satışları maksimum dərəcədə artırmaq mümkündür. Hələ mövcud olmayan məlumatları qavramağa kömək edən inkişaf etmiş texnologiya modeli bu sahədə əsas yenilik sayılır. Fiziki mağazalar və elektron ticarət satışları arasındakı sərhədlər artıq silinməkdədir, 2026-cı ilə qədər tamamilə ləğv olacağı gözlənilir. Həmin dövrə qədər pərakəndə ticarət markaları öz müştərilərinin maraq dairələrinə hədəflənmiş marketinq mesajları və kampaniyalar barədə məlumat ötürmələrinə imkan verəcək hiperlokal ticarət tətbiqləri və aşağı enerjili blutuz bikenləri  işə salına bilər. 

- Onlayn alış-verişin çatışmayan tərəfləri nələrdir? 

- E-ticarət sayəsində qarşılıqlı ünsiyyət bir çox hallarda aradan götürülsə də, canlı ünsiyyət alış-veriş üçün əsas meyar olaraq qalır. Hazırda bu amil onlayn alış-veriş təcrübəsində əskik olan elementdir. Uzun müddətdir elektron ticarət liderləri canlı, təbii və şəxsi ünsiyyəti onlayn alış-verişə daxil etməyin yollarını axtarırlar. Bu sahədəki ciddi araşdırmalar nəticəsində çatbotlar, səs köməkçiləri ortaya çıxdı. Bu texnologiya fiziki alış-veriş zamanı istifadə etdiyimiz ünsiyyəti canlandırmağa köməklik edəcək və əlbəttə ki, bu dəyişikliyin hələ başlanğıcındayıq. Onlayn satınalınmaya təsir göstərən əsas amillərdən biri də sürətli çatdırılmadır. Aparılan bir araşdırmada istehlakçıların 33%-i onlayn sifarişlərini dron vasitəsi ilə çatdırılmasında maraqlı olduğunu bildirib. Eyni gündə çatdırılma və bunun üçün dronlardan istifadə hər gün daha cəlbedici hala gəlir deyə bilərik. Təbii ki, bu sahədə də məhdudiyyətlər mövcuddur - təhlükəsizlik məsələləri, oğurluq və ya zərər yetirmə kimi hallar, çatdırılması çətin olan ərazilər və sair.