Xalq artisti komaya düşüb

Xalq artisti komaya düşüb

21-10-2021 15:50 / Bu xəbər 874 dəfə oxundu

Xanəndənin şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi deyilir

Xalq artisti Canəli Əkbərov komaya düşüb.

Xanəndənin vəziyyətinin ağırlaşmasının səbəbi şəkərli diabet xəstəliyindən əziyyət çəkməsidir.

Sənətçinin oğlu Sabir Əkbərov "Report”a açıqlamasında Canəli Əkbərovun sistemlərin hesabına həyatda qaldığını deyib.

"Özüm həkiməm, hər an onun yanındayam. Atamın səhhəti keçən il də ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. Bu dəfə hər şey bir anın içində oldu. Şəkəri qalxdı və komaya düşdü. Üç gündür sistemlərin hesabına həyatda qalır”, - deyə o bildirib.

Xanəndə iki il öncə insult keçirib.

Canəli Əkbərov 1940-cı ildə Lənkəranda doğulub.

Musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb.

Müəllimləri, xanəndələr Seyid Şuşinski və Xan Şuşinski olub.

1965-ci ildən Filarmoniyanın, 1976-cı ildən isə Opera və Balet Teatrının solistidir.

Muğam operalarında Məcnun və İbn-Səlam (Üzeyir Hacıbəyli – "Leyli və Məcnun”), Şah İsmayıl (Müslüm Maqomayev – "Şah İsmayıl”), Aşıq qərib (Zülfüqar Hacıbəyov – "Aşıq Qərib”) obrazlarını yaradıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti” kafedrasının müdiri vəzifəsində çalışır.

1989-cu ildə Əməkdar artisti, 1992-ci ildə Xalq artisti adlarına layiq görülüb.