Xocalı faciəsindən 32 il keçir

Xocalı faciəsindən 32 il keçir

26-02-2024 12:59 / Bu xəbər 653 dəfə oxundu

Azərbaycanda hər il fevralın 26-da rəsmi qaydada Xocalı faciəsi yad edilir.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdiyi bildirilir. 

İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, min 275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü açıqlanıb.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 

O vaxt Azərbaycanın Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı Qarabağın bir hissəsinə və o rayonlara nəzarətini bərpa etmişdi. 

Azərbaycan, Rusiya, Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. 

Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.