Xocalıda kütləvi məzarlıq tapılıb

Xocalıda kütləvi məzarlıq tapılıb

23-02-2024 16:13 / Bu xəbər 586 dəfə oxundu

Aşkarlanan meyitlərin ən azı 25 il əvvəl basdırıldığı güman edilir

Xocalıda kütləvi məzarlıq aşkar edildiyi bildirilir. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Billdirilir ki, Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) qazıntı işləri zamanı kütləvi insan qalıqlarının tapılması barədə fevralın 21-də Xocalı Rayon Prokurorluğuna məlumat daxil olub. 

Bundan sonra Baş Prokurorluğun əməkdaşları hadisə yerinə ezam olunub. Həmçinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşlarının iştirakıyla hadisə yerinə baxış keçirilib.

Tapılan sümük fraqmentləri ekspertiza keçirilməsi üçün götürülüb.

"Aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfərə (onlardan 1 nəfərin  4-5 yaşlı uşağa məxsus olduğu ehtimal edilir) aid olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və  xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib. Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir”, - Baş Prokurorluqdan bildirilib.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsində araşdırma aparılır.