Yaxınları Qubad İbadoğlunun müayinə nəticələrinin saxtalaşdırıldığını deyir

Yaxınları Qubad İbadoğlunun müayinə nəticələrinin saxtalaşdırıldığını deyir

11-09-2023 18:37 / Bu xəbər 791 dəfə oxundu

Yaxınları Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının həbsdə olan sədri Qubad İbadoğlunun müayinə və analiz nəticələrinin saxtalaşdırıldığını iddia edirlər.

Siyasətçinin qardaşı Qalib Toğrul bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) təqdim etmək üçün hazırlanan sağlamlıq sənədlərində Q.İbadoğlunun səhhəti ilə bağlı iyulun 25-dən keçirilmiş müxtəlif müayinə və analizlərin nəticələri total saxtalaşdırılıb.

AİHM ötən həftə Q.İbadoğlunun işi ilə bağlı Azərbaycan hökumətinə suallar göndərib. 

Yaxınları bildirib ki, AİHM-ə onun səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması ilə bağlı müraciət edilib.

Q.Toğrul habelə qeyd edib ki, vəkil Zideydə Sadıqova iyulun sonundan başlayaraq tibbi müayinənin nəticələrini almaq üçün dəfələrlə sorğu göndərib, amma həmin sorğulara ya imtina gəlib, ya cavab verməyiblər: 

"Nəhayət, yarım-yarımçıq nəticələri veriblər. Tam nəticə 80 səhifəlik olsa da, cəmi 21 səhifəni veriblər. Onu da saxtakaşdırıblar. Xolesterin, hemoqlobin,... qan təzyiqi - xülasə, bütün göstəricilər ideal səviyyədə. Obyektiv görünmək xatirinə yalnız qanda şəkərlə bağlı göstəricini bir qədər artırıblar, onu da olduğu kimi yazmağa cəsarət etməyiblər".

Q.Toğrul əlavə edib ki, bütün analiz nəticələri qələmlə, əllə yazılıb, analiz nəticələrinin bəzilərində isə həkim-laborantın adı qeyd olunmayıb.

Amma bu deyilənlərə, hələlik, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi və Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

ADR sədri Q.İbadoğlu iyulun 23-də həbs olunub. 

Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. 

Avqustun sonunda ona qarşı CM-nin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Hüquq-mühafizə orqanları Q.İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. 

Q.İbadoğlu isə ittihamı qəbul etmir, məhkəmədə onu "saxta" adlandırıb.