Yelisey sarayı: “Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır”

Yelisey sarayı: “Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır”

07-10-2022 15:14 / Bu xəbər 694 dəfə oxundu

"Tərəflər Alma Ata Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər”

Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyır.

Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsini və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma Ata Bəyannaməsinə sadiqliklərini təsdiq edib.

Bildiriblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq.

Yelisey sarayının Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı (Aİ) liderlərinin oktyabrın 6-da keçirilən dördtərəfli görüşünün yekunlarına dair bəyanatında belə deyilir.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 6-da Praqada birinci Avropa Siyasi Birliyinin hüdudlarında Fransa Prezidenti və Avropa İttifaqı Şurasının sədrinin dəvəti ilə görüşüb.

Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sərhədlərin delimitasiyası məsələlərinə də toxunulub.

Görüşdə Ermənistan Azərbaycanla sərhədə mülki Aİ missiyası göndərilməsinə də razılıq verib.

Azərbaycan da bu missiya barəsində əməkdaşlığa razı olduğunu bəyan edib: "Missiyanın oktyabrda başlayacaq və maksimum iki ay müddətinə gerçəkləşəcək. Missiyanın məqsədi isə tərəflər arasında güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarına töhfə verməkdir”.

Sərhəd komissiyalarının növbəti iclasının isə oktyabrın sonunda Brüsseldə keçiriləcəyi gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da keçirilən Praqa görüşündən sonra yerli mediaya açıqlamasında artıq sülh prosesinə təkan verildiyini söyləyib. Bildirib ki, ola bilsin ilin sonunadək sülh sazişi imzalansın.

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir. Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.