Özünü "ekologiya məhbusu" adlandıran iqtisadçı hədələnir

Özünü

16-08-2023 01:58 / Bu xəbər 782 dəfə oxundu

Nazim Bəydəmirliyə yeni maddələrin veriləcəyi ehtimal olunur

Həbsdə olan keçmiş deputat Nazim Bəydəmirli həbsinin əsl səbəbinin Gədəbəyin Söyüdlü kəndində baş vermiş etirazlar olduğunu bəyan edərək, özünü "ekologiya məhbusu” adlandırmışdı.
 
Nazim Bəydəmirlinin buna görə hədələndiyi bildirilir. 

Bu barədə Meydan TV-yə "Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib: "Onu təhdid edirlər ki, əgər Söyüdlü hadisələrinə görə həbs olunduğunu desə, özünü yenə "ekologiya məhbusu” adlandırmaqda davam eləsə, ona qarşı indiki maddədən əlavə dələduzluq, mənimsəmə və başqa yeni ittihamlar irəli sürüləcək. Bu barədə hüquq-müdafiə təşkilatı olaraq, bizə məlumat daxil olub. Çox təəssüf ki, ölkədə bir iqtisadçı alimə, iş adamına qarşı bütün bunlar baş verir”.

Nazim Bəydəmirli iyulun 4-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("Bandotdel” kimi tanınır – red) çağrılaraq saxlanılıb. 

Ertəsi gün Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun barəsində həbs qətimkan tədbiri seçilib. 

O, həbs olunandan bu yana ailə üzvlərilə görüşə və telefonla əlaqə saxlaya bilmirdi. Onun görüş və telefon danışığı hüququ istintaq orqanının qərarıyla məhdudlaşdırılıb.

Vəkilləri məhdudlaşdırma qərarından məhkəməyə müraciət etmişdi. Avqustun 15-də Nərimanov Rayon Məhkəməsində bu məsələyə baxılıb. Məhkəmə məhdudiyyətin əsassız olduğu qənaətinə gəlib və onun aradan qaldırılmasına qərar verib.

Eyni gündə Nərimanov Rayon Məhkəməsində Nazim Bəydəmirlinin istintaq dövründə ev dustaqlığına buraxılması üçün vəkillərinin verdiyi vəsatətə də baxılıb. Lakin bu vəsatət təmin olunmayıb.

2005-2010-cu illərdə  104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Cinayət işinin materiallarında iddia olunur ki, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.

Nazim Bəydəmirli ittihamı qəbul etmir, Söyüdlü etirazlarına görə həbs olunduğunu deyir.

Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində bir neçə nəfərin sırasında Nazim Bəydəmirlinin də adı hallandırılırdı.

Nazim Bəydəmirli özü də "Bandotdel”ə çağrılarkən oradan vəkilinə telefon zəngində Söyüdlü hadisələrinə görə saxlandığını bildirib.