"Əhalinin durumu daha da ağırlaşacaq" - Ekspertdən açıqlama

03-11-2016 18:21 / Bu xəbər 2137 dəfə oxundu

"Hakimiyyətin  məqsədi gömrük rüsumunu artırmaqla yerli istehsalı idxal olunan keyfiyyətsiz mallardan qorumaqdır" 

Bunu Toplum.Tv-yə iqtisadçı ekspert Qalib Toğrul gömrük rüsumlarının artırılması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə,  bu cür inzibati metodlarla daxili istehsalı qorumaq mümkün deyil: "Bu ölkənin Dünya Ticarət Təşkilatına qəbul olunmasına əngəldir. DTT-nin "Ticarətdə maliyyənin aradan  qaldırılması" ilə bağlı sənədlərinə  ziddir. Hakimiyyət hansı sahələrdə məhsul istehsalını artırmaq istəyirsə, həmin malların  gömrük  rüsumunu artırıb. Bu məhsul istehsalını artırmaqla daxili bazarı öz hesabımıza canlandırmaq niyyəti ilə atılmış  addımdır.  
Image result for Qalib Toğrul toplum.tv
Malların kəmiyyətinə tətbiq  olunan  vergi formasının seçilməsi də məhz bununla bağlıdır. Lakin mən hesab edirəm ki,  bu gözlənilən nəticəni  verməyəcək. Çünki Azərbaycanda  rüsumu artırılan məhsullar üzrə istehsal kifayət qədər  formalaşmayıb. Yerli bazarda  kifayət  qədər  rəqabət  yoxdur. Bu situasiyanda rüsumların artırılması  iki formada nəticələnə bilər: 
Birincisi, rüsumunu tətbiq  olunduğu  idxal mallarının  ölkəyə gətirilməsi  dayandırılacaq. 
İkinci, həmin məhsulların  idxalı azalaraq daxili bazarda istehsal olunan  məhsulların qiyməti artırılaraq idxal mallarının qiyməti ilə eyniləşdiriləcək. 
Nəticədə  istehlakçı itirəcək, gizli gedən infilyasiyadan sonra alıcılıq qabiliyyəti aşağı olan əhalinin durumu daha da  ağırlaşacaq. İstehlakçının itirdiyi məbləğ isə inhisarçı şirkətlərin büdcəsinə gedəcək".

Fikrət Yusifov: "İndiki dönəmdə bu qərarın xüsusi əhəmiyyəti var"

İqtisadçı ekspert Fikrət Yusifov isə bildirib ki, bu qərar əsaslı dəyişikliklərə səbəb olacaq: "Bu günlərdə ölkə ərazisinə gətirilən bir çox ərzaq məhsullarının gömrük idxal vergilərinin artırılmasına dair qərar qəbul edildi. Bu qərarın qəbul edilməsində başlıca məqsəd, xaricdən gətirilən eyni məhsulların yerli istehsalını stimullaşdırmaqdır. Ölkə iqtisadiyyatının real sektora transformasiya edildiyi indiki dönəmdə bu qərarın xüsusi əhəmiyyəti var. Qərarın qəbulundan sonra ölkə əhalisinin ərzaq məhsulları ilə təminatında əsaslı dəyişikliklərin baş verəcəyi tam gözləniləndir. Aydın məsələdir ki, hər bir iş adamı öz fəaliyyətinin son nəticəsi üçün maraqlıdır. Yəni o, bu fəaliyyəti həyata keçirərkən başlıca məqsədi mənfəət əldə etməkdir. Bu qərarın qəbulundan sonra uzun illər ərzaq məhsullarının Azərbaycana idxalı ilə məşğul olan iş adqamları bu qərardan sonra artıq seçim qarşısındadırlar. İndi həmin məhsulları xaricdən idxalı etmək, yoxsa onların yerdə istehsalını təşkil etmək sərfəlidir?".
 Image result for Fikrət yusifov
"Xaricdən gətirilən ərzaq məhsullarına idxal rüsumları  artırıldıqdan sonra bu seçim, heç şübhəsiz yerli istehsalı təşkil etməyin xeyrinə olacaqdır. Çünki idxala tətbiq edilən yeni rüsumlardan sonra qiymət müstəvisində xaricdən gətirilən məhsullar eyniadlı yerli istehsal məhsulları ilə rəqabət apara bilməyəcəklər. Bu qərarın qəbulunda da əsas məqsəd bundan ibarətdir. Deməli, nəticə etibarilə indiyə qədər idxalla məşğul olan iş adamları da üzlərini yerli istehsala tutacaqlar. Qərarın qəbulundan sonra xaricdən gətirilən və ya komponentləri xaricdən gətirilərək bizdə istehsal olunan bəzi məhsulların qiymətlərində müəyyən artımların olması mümkündür. Lakin unutmaq lazım deyil ki, yerli istehsala dövlətin verdiyi bu dəstəkdən sonra, qısa zaman kəsiyində biz daxili istehsal hesabına əksər ərzaq məhsulları ilə özümüzü tam təmin edə biləcəyik. Yerli xammal əsasında istehsal ediləcək məhsulların qiymətləri isə kifayət qədər aşağı ola biləcəkdir. Çünki məhsul bolluğu sağlam rəqabət yarada biləcək. Bu halda isə bazar özü ən normal sayılan qiymətləri formalaşdıracaq və təbii ki, onlar indikindən aşağı olacaqdır. Bütün bunları nəzərə alan istehsal və ticarətlə məşğul olan iş adamları yerli istehsal məhsullarının qiymətlərinin qaldırılmasına yol verməməlidirlər, çünki idxala tətbiq edilən rüsumların yerli xammaldan istehsal olunan məhsula heç bir aidiyyatı yoxdur", - ekspert bildirib.

Xatırladaq ki, noyabrın 1-dən Azərbaycana gətirilən 40-dan çox adda məhsulun idxal rüsumu artırılıb. 

Artıq onları xaricdən gətirmək iqtisadi baxımdan sərfəli olmayacaq.

Ofelya Ramilqızı