Avropa İttifaqı Ukraynaya 50 milyard avroluq yardımı razılaşdırdı

Avropa İttifaqı Ukraynaya 50 milyard avroluq yardımı razılaşdırdı

01-02-2024 17:44 / Bu xəbər 746 dəfə oxundu

Avropa İttifaqına üzv olan ölkələrin hamısı Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı göstərmək barədə razılığa gəlib. 

Bu barədə fevralın 1-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" hesabında məlumat yayıb. 

"Biz razılaşdıq. 27 liderin hamısı Aİ büdcəsinin bir hissəsi kimi Ukraynaya əlavə 50 milyard dəstək paketi barədə razılığa gəlib. Bu, Ukrayna üçün daimi, uzunmüddətli və proqnozlaşdırıla bilən maliyyələşdirməni təmin edəcək”, - Mişel yazıb.

Mişelin sözçüsü Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya 50 milyard avro yardımın ayrılmasına razılıq verdiyini təsdiqləyib. 

Bu, onun ötən gün İtaliya, Fransa və Almaniyanın baş nazirləri ilə görüşlərindən sonra baş verib.

Ukraynaya 50 milyard avro məbləğində iqtisadi yardımın ayrılması ilə bağlı qərarın 2023-cü ilin dekabrında verilməsi nəzərdə tutulsa da, Macarıstanın baş naziri Viktor Orban buna mane olmuşdu.

"Financial Times" bir neçə gün əvvəl yazmışdı ki, Orban növbəti dəfə layihəyə qarşı çıxsa, Aİ Macarıstan hökumətini cəzalandırmaq tədbirləri hazırlayıb. 

Bildirilirdi ki, bu tədbirlər milli valyutanın dəyərdən düşməsini və ölkənin investisiya cəlbediciliyinin azaldılmasını nəzərdə tuturdu.