Uşaqları kitablardan ayıran "Smartfon əsri"

Uşaqları kitablardan ayıran

13-03-2024 14:10 / Bu xəbər 1097 dəfə oxundu

Fevralın 24-də Koreya ilə bağlı bir mühazirədə iştirak etdim. Həmin mühazirədə Koreyanın kitabxana ilə bağlı keçən əsrdən bugünəqədərki siyasətində dəyişikliklərdən bəhs olunurdu. 
 
Bu dəyişiklik isə "Smartfon əsri" ilə bağlıdır. Araşdırmalara görə, "Smartfon"a bağlılığın tarixi 2019-cu ildən hesablanır ki, yəni aludəçiliyin yaş həddi 1-ə qədər enib. Həmin araşdırmada rəqəmsal medianın istifadəsinin artması nəticəsində kitab oxuma alışqanlığımızda azalma və oxuduğunu anlama bacarığının geriləməsi müşahidə olunur. 

Bundan başqa, sosial mediadan istifadə mental sağlığımızın qorunmaması və depressiv simptomların ortaya çıxması kimi hallara səbəb olur. Bununla bağlı elmi araşdırmalar da var. 

Elə buna görə də WHO (World Health Organization) 2019-cu ildən 5 yaşdan aşağı uşaqlara gündə 1 saatdan artıq "smartfon" və ya televiziya izləməməyi tövsiyə edir. Həmçinin UNESCO-nun 2023-cü ildə çıxartdığı qərarla məktəblərdə telefon istifadəsi qadağan edilib.  

Bu çağırışa dəstək məqsədilə Fransa (2018-ci ildən), İngiltərə (2021-ci ildən),  Finlandiya (2023-cü il aprel ayından) və Niderlandın (2024-cü il yanvar ayından) təhsil nazirlikləri eyni qadağanı qəti şəkildə qərar kimi qəbul ediblər. 

Çinin telefon istifadəsilə bağlı 2023-cü il qərarında yaşa görə istifadə müddətinin dəyişdiyini də görə bilərik. Əgər istifadəçi 8 yaşdan aşağıdırsa, 40 dəqiqədən az, 8-15 yaş aralığındadırsa, 1 saatdan az, 16-17 yaşlı yeniyetmədirsə, 2 saatdan az olmaq şərtiylə telefon istifadəsi uyğun görülür. 

Saat əgər 10-u keçibsə, səhər saat 6-ya qədər telefon istifadəsinə məhdudiyyət qoyulması tövsiyə olunur.

Bu qadağalarla yanaşı, telefona aludə olmaq əvəzinə, azyaşlı uşaqlarda kitab və kitabxanalara həvəs və sevgi aşılamaqla bağlı Koreya mədəniyyət, idman və turizm nazirliklərinin təşəbbüsünə nəzər salmaq olar. 

Onlar kitabxanada əyləncəli təcrübələr, zehni marağı stimullaşdıran fəaliyyətlərlə nail olmaq üçün bir kitabxana təsis ediblər. Bu kitabxana uşaq və gənclər üçün Milli Kitabxana (National Library for Children and Young Adults) adlanır və paytaxt Seulda yerləşir.

Burada adi kitablarla yanaşı, həm də "AR Book Card" - "AR Kitab Kartı" mövcuddur. Məhz b rəqəmsal texnologiyayla kitabların kombinasiyasının yaratdığı imkan sayəsində eyni anda planşetdə kitab personajını izləyə və hətta dinləyə bilərsiniz. 

Gözünüzdə canlandıra bilməyiniz üçün belə deyim: tutaq ki,  "Ələddinin sehirli çırağı"nı oxuyursunuz və həmin anda həm də planşetdə Ələddin personajını görə bilərsiniz. 

Bu müəssisədə AR, VR, MR, XR kimi real kontentlərlə müxtəlif fəaliyyətləri təcrübə etmək mümkündür. VR təcrübəsində isə okeanlara tökülən plastik tullantılarının okean və okean ətrafı sakinlərinin (quş və balıqların) iç orqanlarının həmin o tullantılarla dolu olduğunu gözlərimizlə təcrübə etdik.

Koreyada kitabxana mərkəzi 1945-ci ildə, sadəcə, 5 yerdə fəaliyyət göstərirdisə, 2022-ci il statistikasıyla bu say 1.236-a çatıb. 

Kitabxanada həmçinin ümumilikdə 122 min 600-dən artıq kitab istifadəyə verilib. 

Bu qədər kitabxana sayının çox olmasına səbəb isə evlərdə otaq sayının az olmasıdır. Çünki oxucunun sakit bir yerə ehtiyacı olur. 

Məndə təəccüb yaradan hal isə 2017-ci ildə çəkilmiş şəkildə gördüyünüz mənzərədir ki, insanlar kitabxanada növbə gözləyirlər.

Əvvəllər mənim heç cür anlamadığım kafedə hazırda dərs oxumaq artıq (카공하다) mədəniyyətinə çevrilib. 

İndi artıq bu mənzərəyə anlam verə bilirəm. Bir Azərbaycan vətəndaşı olaraq ölkəmizdə də kitabxanalara marağın artması və bu siyasətin bizdə də davam etdirilməsini arzulayıram.

Çalışın telefonlardan uzaq durun və kitab oxuyun... 

Xəyalə Babalı