Siyavuş Novruzovdan sensasion müraciət

Siyavuş Novruzovdan sensasion müraciət

09-03-2018 03:21 / Bu xəbər 1800 dəfə oxundu

YAP icra katibinin müavini, Milli Məclisin  İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Musavat.com vasitəsilə sensasion müraciət edib. 

Hazırda Avropada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin onun, ayrı-ayrı YAP funksionerlərinin, həmçinin dövlətin rəhbərliyində olan şəxslərin özü, yaxınları barədə səsləndirdiyi fikirlərə etiraz məqsədi daşıyan müraciəti təqdim edirik: 

"Mən musavat.com vasitəsilə Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak edənlərə müraciət edirəm, desinlər, görək bu adamı o proseslərdə görüblər? Azərbaycanın müstəqilliyi, ya Qarabağ uğrunda mübarizədə onun iştirak etdiyini görən olubmu? Mən müraciət edirəm, Əbülfəz Elçibəyin ailə üzvlərinə! Allah onun özünə qəni-qəni rəhmət eləsin! Ailə üzvləri desin, bir dəfə bizim onlar haqqında təhqiramiz ifadə işlətdiyimizi eşidiblər? Ayaz Mütəllibova müraciət edirəm. Etibar Məmmədova, İsa Qəmbərə, Sabir Rüstəmxanlıya müraciət edirəm. Milli azadlıq hərəkatında olanlara bir-bir müraciət edirəm. Heç o bunların ad-familiyasını da yaxşı bilmir, amma mən adbaad hər birinə müraciə edirəm. Onu bu hərəkatda görüblərsünüzsə, deyin! Yaxud sizin haqqınızda, ailə üzvləriniz haqqında bir kəlmə söz deyilibsə, deyin! Nemət Pənahlıya müraciə edirəm. Cəmil Həsənliyə müraciət edirəm, indi onun adından müraciət edirlər, sənin ailən, uşaqların, qohumların haqqında Yeni Azərbaycan Partiyası, yaxud dövlət tərəfindən bir kəlmə söz deyən olub? Heç kəs heç nə deməyib. Kimsə deyib, o, özü bilər, özü aydınlaşdırsın, bu, dövlətin fikri deyil”.

S.Novruzov daha sonra hərəkat yolu keçmiş, indi də siyasi arenada olan digər şəxslərə müraciət ünvanlayıb: "Arif Hacılıya, Əli Kərimliyə müraciət edirəm. Hər biri dursun, cavab versin ki, mənim ailəm, mənim evim haqqında filan söz deyilib. Mübarizəni biz kişi kimi aparırıq. Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlu, Fərəc Quliyev, Fəzail Ağamalı, Xanhüseyn Kazımlı, Sabir Hacıyevə, bunların hər birinə müraciət edirəm. Biri desin ki, birinin özü, ailə üzvü haqqında indiyə qədər nə isə deyilib. Kimsə bir dənə fakt, sənəd çıxarıb ortaya qoysun,  mən gedim, ondan üzr istəyim. Tahir Kərimi məhkəmə sədri ola-ola milli azadlıq hərəkatına qoşulub, sən hardaydın onda? Görmüsənmi onu? Yaxud bu dövlətin, YAP-ın nümayəndələri sənin ail üzvlərin barədə nə vaxtsa pis bir söz deyibmi?”

YAP funksioner dedi ki, bu adamlara iki sualı var: "Birincisi, Milli Azadlıq Hərəkatında, Qarabağın azad olunmasında, döyüşlərdə bu adamı görmüsünüz, yoxsa görməmisiniz? İkincisi, 28 ildir bir-birinizlə siyasi mübarizə aparırsınız. Hüquq müdafiə təşkilatlarının hamısına, başda Novella Cəfəroğlu olmaqla müraciət edirəm. Novella xanım, sənin ailən, uşaqların, nəslin-nəcabətin haqqında mən – neçə ildir mübarizə aparırıq - bir kəlmə demişəm? Sən hüquq müdafiəçisi olanda o, adamları tutub dama qoyurdu, prokurorluq orqanlarında işləyirdi. Xahiş edirəm, mövqeyinizi bildirin! Mənə mövqe lazımdır! Ondan sonra, Sərdar Cəlaloğlu ilə Qurban Məmmədovun adını çəkmirəm, onlar mənim qohumlarımdır, hər ikisi xalanəvəmdir. Adlarını çəksəm, deyəcəklər qohum-əqrabasını yığır. Qurban müəllimin atası Cəlal müəllim müharibə iştirakçısı olub, güllə yarası alıb, sonra da müəllimlik fəaliyyətini davam etdirib. Bizim müəllimimiz, ağsaqqalımız olub. Mənim də iki babam vuruşub. Biri, Qurban müəllimin qohumu 1943-cü ildə Ukraynada həlak olub. O biri babam Berlinə qədər gedib çıxıb. Özüm iki müharibə qəhrəmanıyam. Qəhrəman deyəndə ki, qəhrəmanlığımız bir şey deyil. Torpağımız əgər işğal altındadırsa, nə  qəhrəmanlıqdan danışa bilərik? İki müharibənin iştirakçısıyam. Vikipediaya gir, orda mənim orden və medallarım haqqında gör. Elə orden var ki, onu mənə Qorbaçov verib, Allah ona lənət eləsin! Onu bir tərəfə qoyuram. Həm də mənim əxlaqım, tərbiyəm ona yol vermir ki, kimisə söyəm. Cəmil Həsənliyə, Əli Kərimliyə, digərlərinə müraciət edirəm, biri desin ki, bəli, bizi söyüb. Bəli, tənqid eləmişəm, biz siyasi mübarizə aparırıq”.

S.Novruzov bir daha Azərbaycanın ictmai-siyasi həyatında olanların hamısına müraciət etmək istədiyini vurğuladı: "Zərdüş, Araz Əlizadə qardaşlarına, Əli Əliyevə müraciət edirəm. Bu adamı görmüsünüzmü? O cümlədən bizim blogerlərin hamısına müraciət edirəm, birincisi, görmüsünüzmü? İkincisi, görmüsünüzmü ki, mən bir adam haqqında hörmətsiz bir söz deyim? Siyasi mübarizə mübarizədir. Siyasi mübarizə təhqir deyil”.

S.Novruzov Musavat.com-a açıqlamasında dedi ki, onu bu müraciəti etməyə vadar edən səbəb V.İsgəndərlinin onun, dövlət başçısının və digər şəxslərin ünvanına həqarətlər səsləndirməsidir: "Dünən youtube-də mənim haqqımda söyüş söyüb. İddia edir ki, atamın qəbrini Yeni Azərbaycan Partiyasının nümayəndələri təhqir edib. Ən müqəddəs kitabımız Qurandır. Mən də əlimi Qurana qoyuram, sən də qoy. ATƏT-ə də, Avropa Şurasına da, digər qurumlara da müraciət edirəm, xahiş edirəm, araşdırılsın. Yuxarıda silsilə ilə dedim, bir adam desin ki, 1988-ci ildən başlamış, bu günə qədər onların atasına, anasına, övladlarına qarşı kimsə çıxış edib. İndi kim çıxış edib, get, onunla mübarizə apar! Mənim, dövlət başçısını, ümummilli liderin, Mehriban xanımın adını çəkir. Mehriban xanımın dəstək verdiyi insanların sayı-hesabı yoxdur. Nə qədər adamın ürək əməliyyatı ilə məşğuldur. Nə qədər adama köməklik edib. Hətta müraciətlər gəlir ki, evimdə televizor yoxdur, Mehriban xanımdan xahiş edirəm, mənə televizor versin, dərhal göndərilir. Bəs, sən bu cəmiyyət üçün neyləmisən?! Bax, görürsünüz, mən söyüşlə danışmırar, səmimi münasibətlə sözümü deyirəm. Həmçinin adlarını çəkdiyim adamlardan xahiş edirəm. Eyni zamanda bütün jurnalistlərdən, blogerlərdən, bütün internet istifadəçilərinə müraciət edirəm, bunu tanıyan var, ya yox? Avropada yaşayanlardan Qəniimət zahidə müraciət edirəm: Qənimət bəy, sən necə, nə vaxtsa özün, necə, bu adamı hərəkatda görmüsənmi? İkincisi, sənə, ailə üzvlərinə qarşı bu dövlətdən təhqir eşitmisənmi?”  

YAP təmsilçisi V.İsgəndərlinin atasının məzarının təhqir olunması  ilə bağlı məlumatların da əsassız olduğunu vurğuladı: "Belə şey olmayıb. Bu, özü-özündən düzəldir, bütün bunlar öz-özünü məşhurlaşdırmaq istəyindən irəli gəlir. Mən bundan əvvəl də sizin qəzetə demişdim, ola bilər kiminsə səbri dözməyib. Hüquq-mühafizə orqanları da bu işlə məşğuldur. YAP-ın özü də istəyir ortaya çıxaraq ki, bunlar kimdir? Biri bir kəlmə desin, gedim, ondan üzr istəyim. Bunların ən qatı müxalifətçisi Cəmil Həsənli deyil? Bir kəlmə desin ki, mənim evim, ailəm, uşaqlarım haqqında Siyavuş Novruzov, ya Əli Əhmədov, ya YAP-ın digər nümayəndəsi bir kəlmə söz deyib. Mən gedərəm, ondan üzr istəyərəm. Özü də mən parlamentdə dini komitənin sədriyəm, əgər bu cür mövqedən çıxış etsəm, camaat mənə nə deyər? Xəlil Rzanın, Ziya Bünyadovun, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, İmam Mustafayevin ailəsinə müraciət edirəm, onlar Azərbaycanın ağsaqqal ziyalıları olublar. Qoy ailə üzvləri münasibət bildirsin”.

Sonda YAP-çı deputat V.İsgəndərlinin özünə xitab etdi: "Sən kimi təmsil edirsən? İndi məni vurmaq istəyirsən, vur, mənimlə mübarizə apar! Amma o yolla yox! O, yol deyil. Məni nə qədər söyəcəksən, mən susacağam. Neçə illər ərzində mən kiminsə evi, ailəsi haqqında bir kəlmə danışmışam? İndi durmusan orda, mənim haqqımda nə gəldi, danışırsan... Xaricdə yaşayırsan, başa düşürəm. Gəlmək istəyirsən, gəl! Gəlməyəcəksənsə, mən gəlim. Mən seçkidən sonra bu söhbəti davam etdirəcəyəm. Amma indi seçki vaxtı sən bu camaatı çaşdırırsan...”