Adil Qeybulla Bəxtiyar Hacıyevi müayinə etdi
27-12-2022 21:23 / Bu xəbər 954 dəfə oxundu
Professor Adil Qeybulla hazırda həbsdə olan və 13 gündür ki, aclıq aksiyası keçirən Bəxtiyar Hacıyevlə görüşüb.
Bu barədə Adil Qeybulla feysbuk hesabında yazıb.
"Bu gün saat 12.30-da Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar hissəsində müşahidə altında olan təqsirləndirilən şəxs Bəxtiyar Hacıyevlə görüşdüm. Görüşə vətəndaş cəmiyyəti üzvlərinin çoxsaylı müraciətləri əsasında Ədliyyə Nazirliyinin Tibb İdarəsi tərəfindən icazə verilmişdi. Müayinə prosesi Tibb İdarəsinin həkimlərinin iştirakı ilə aparıldı", - deyə o bildirib.
O qeyd edib ki, Bəxtiyar Hacıyevin həyati təhlükəsi yoxdur: "Bəxtiyar bəyin vəziyyəti kafidir, mülayim başgicəllənmədən şikayət edir. Hemodinamik göstəricləri stabildir: arterial təzyiqi 110/70 vv.c.st., nəbzi 80, səkəri 5 mmol/l. Çəkisi 77.5 kg. Huşu aydındır, təmasa girmək və koordinasiya qabiliyyəti normal saxlanılıb. Həyatı üçün təhlükə yoxdur. Ona aclıq aksiyasının dayandırmağı tövsiyə edildi. Əlavə dəstək müalicəsi kimi, su-elektrolit balansını normal saxlamaq məqsədilə venadaxili infuziya edildi (NaCl 0.9%-400 ml, Panangin 10 ml, vitamin B1, B6, B12, C, Ringer-lokk 500 ml). 2 saat müddətində infuziya aparıldı və söhbət etdik. Əhval-ruhiyyəsi stabildir. Ailə üzvlərinə və bütün dostlara salam söylədi".
Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.
Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.












