Avropa Məhkəməsi Azərbaycanı 76 min avro cərimələdi

Avropa Məhkəməsi Azərbaycanı 76 min avro cərimələdi

13-04-2023 18:30 / Bu xəbər 624 dəfə oxundu

Aprelin 13-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanı yenə cərimələyib

Məlumatı hüquqşünas Xalid Ağalıyev yayıb.

Məlumata görə, budəfəki cərimə 76 min avroya yaxındır.

AİHM Azərbaycandan göndərilmiş 38 şikayət üzrə 4 qərardad elan edib. 

AİHM-in yaydığı qərardadlar tərəflərin dostca anlaşmalarına və hökumətin təqdim etdiyi təktərəfli bəyannamələrə əsaslanır.

"Hüseynov və 5 başqa ərizəçi Azərbaycana qarşı” işində 6 ərizəçi (Füzuli Hüseynov, Ramid Nağıyev, Rəvan İsmayılov, Əlifaga Abdullayev, Rəmzi Şıxəliyev, Mətanət Mahmarzayeva) toplaşmaq və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu iddia ediblər. Dostca anlaşmaya görə, hökumət hər ərizəçiyə 2850 avro ödəyəcək.

"Ümman Səfərov və 19 başqa ərizəçi Azərbaycana qarşı” işində ədalətli məhkəmə araşdırması, eləcə də azadlıq və toxunulmazlıq hüququnun pozuntusu mübahisələndirilib. 

Yekun qərar hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsaslanıb. 

Qərara görə, hökumət ərizəçilərdən Əhsən Nuruzadəyə 2250, digər 19 ərizəçinin hər birinə 1250 avro təzminat ödəyəcək.

"Şahlar Həsənov və 2 başqa ərizəçi Azərbaycana qarşı” işdə də ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq hüququnun pozuntusu mübahisələndirilib. 

Dostca anlaşmaya əsaslanan qərara əsasən, hökumət Qorxmaz Əliyevə 1250, İlqar Hüseynov və Ş.Həsənovun hər birinə 2250 avro ödəməlidir.

"Usuf Abulov və 8 başqa ərizəçi Azərbaycana qarşı” şikayətdə isə toplaşmaq, eləcə də azadlıq və toxunulmazlıq hüququnun pozuntusu mübahisələndirilib. 

Bu işdə də tərəflər dostca anlaşıb.

Qərardada görə, hökumət ərizəçilərdən Abulov və Rövşən Əhmədliyə 4150, digər 7 ərizəçinin hər birinə 2850 avro təzminat ödəyəcək.