Almaniya daha 43 azərbaycanlını deportasiya edib

Almaniya daha 43 azərbaycanlını deportasiya edib

26-11-2021 12:53 / Bu xəbər 829 dəfə oxundu

Noyabrın 26-da Azərbaycanın 43 vətəndaşı Almaniyadan deportasiya edilib.

Məlumatı Dövlət Miqrasiya Xidməti yayıb.

Bildirilir ki, həmin vətəndaşlar ölkəyə geri qəbul edilib.

Xidmətin açıqlamasına görə, bu proses "Azərbaycanla Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində həyata keçirilib.

Məlumatda geri qəbul prosesinin Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirildiyi qeyd olunub.

Mayın 29-da Almaniyadan Azərbaycana deportasiya edilənlərdən İlkin Ələkbərov özünə xəsarət yetirmişdi. Ancaq son anda İ.Ələkbərovun Azərbaycana göndərildiyi təsdiqləndi.

Almaniyadan Azərbaycana deportasiya olunan siyasi fəallar Malik Rzayevə və Mütəllim Orucova Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.

Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Vəkil Nemət Kərimli Meydan TV-yə deyib ki hər iki şəxslə ötən həftə görüşüb: "Onların səhhəti normaldır, ciddi şikayətləri yoxdur. Hələ istintaq davam edir”.

Sentyabrın 14-də Almaniyadan deport olunanlar arasında jurnalist Röya Rəfiyeva da olub.

2017-ci ildə Azərbaycandan gedən jurnalist Röya Rəfiyeva və 3 övladına Almaniya hökuməti yaşamaq icazəsi verməkdən imtina edib.

Miqrasiya məsələləri üzrə hüquq müdafiəçisi Əlövsət Əliyev Meydan TV-yə demişdi ki, martın 30-da 62 nəfər Azərbaycan vətəndaşı deportasiya olunub: "Mayın 29-da isə 42 nəfər ekstradisiya edilib. Bizdə olan məlumata görə son 1 ayda qeyd olunanlarla yanaşı təkcə Fransaya deportasiya və ekstradisiyadan xilas olmaq üçün gedənlərin sayı 37 nəfərdir”.