Arif Hacılı: "Müzakirələr xalqın xəbəri olmadan qapalı aparılır"
09-04-2019 01:46 / Bu xəbər 1304 dəfə oxundu
"Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında saziş bağlanması ilə əlaqədar müzakirələr sona yaxınlaşır. Sazişdə insan haqları, iqtisadi, mədəni əlaqələr, regional təhlükəsizlik və digər məsələlərin yer alacağı gözlənilir".
Bunu Müsavat başqanı Arif Hacılı sosial şəbəkədə yazıb.
O bildirib ki, Aİ ilə Azərbaycan arasında bağlanacaq saziş Avropa Şərq Tərəfdaşlığı Proqramında iştirak edən ölkələrlə bağlanılan sazişlərlə oxşar olsa da bir sıra fərqli cəhətlər də var: "Bu saziş layihəsi Aİ-nin bundan əvvəlki ənənəsindən fərqli olaraq Aİ tərəfindən deyil, Azərbaycan tərəfindən hazırlanıb. Buradan o nəticəyə gəlmək olar ki, siyasi, insan haqları və demokratiyaya aid olsan məsələlər mümkün qədər məhdudlaşdırılıb. Sazişlə bağlı müzakirələr xalqın xəbəri olmadan qapalı aparılır. Yeri gəlmişkən, bizim bu müzakirələrin şəffaflığı üçün zamanında etdiyimiz bütün cəhdlər nəticə vermədi".
"Avropa Parlamentinin bəzi üzvləri, Aİ-nin nümayəndələri ilə apardığımız müzakirələrdən bizə aydın oldu ki, sazişin bağlanmasını ləngidən yalnız siyasi deyil, həm də iqtisadi məsələlərdir. Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil olmaması Aİ ilə Azərbaycanın iqtisadi inteqrasiyası üçün ciddi problemlər yaradır. Təəssüf ki, bu ziddiyyətlərin necə həll olunduğu barədə də məlumat verilmir. Aİ-nin Azərbaycanla apardığı müzakirələr faydalı olsa bu müzakirələrin nəticəsində ortaya çıxacaq sənədin mahiyyəti barədə narahatlıq üçün ciddi əsaslar var. Aİ ilə saziş Azərbaycanda indi mövcud olan faktiki vəziyyətin davam etməsinə şərait yaratmamalı, əksinə xalqımızın hüquqi dövlət, demokratik cəmiyyət qurucuıuğu uğrunda apardığı mübarizəyə təkan verən hadisəyə çevrilməlidir", - Hacılı bildirib.
Onun sözlərinə görə, Aİ ilə sazişdə müstəqil məhkəmələrin, sərbəst toplaşma, söz və ifadə azadlıqlarının, azad seçki hüququnun təmin edilməsi, siyasi məhbus probleminin birdəfəlik həll olunması kimi məsələlərin zəruri şərt olaraq öz əksini tapması ölkəmizdə demokratik inkişaf üçün ciddi töhfə olardı: "Azərbaycan xalqının indiki və gələcək nəsillərinə vacib olan bu sazişlə bağlı müzakirələrin şəffaflığı təmin olunmalı, bu mövzuda geniş ictimai diskussiyaların təşkil edilməsinə nail olmaq üçün səylər artırılmalıdır".












