AXCP: “Əli Kərimlinin sədr kimi tanınmaması İlham Əliyevin sifarişidir”

AXCP: “Əli Kərimlinin sədr kimi tanınmaması İlham Əliyevin sifarişidir”

03-04-2024 15:21 / Bu xəbər 1197 dəfə oxundu

Partiya Ədliyyə Nazirliyinin saxta  şikayət təşkil etdiyini deyir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Əli Kərimlini təşkilatın sədri kimi tanınmaması ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, hazırda dövlət başçısı İlham Əliyevin birbaşa göstərişi ilə Ədliyyə Nazirliyi saxta bir şikayət təşkil edərək Əli Kərimlini təşkilatın sədri kimi tanımaqdan imtina edir.

Aprelin 3-də yayılan bəyanatda o da qeyd olunur ki, AXCP-yə qarşı son həbslər və başqa təzyiq üsulları partiyanı fəaliyyət imkanlarından məhrum etmək məqsədi daşıyır: "Əliyevlərin hakimiyyətdə olduğu 30 ildə elə bir il tapmaq mümkün deyil ki, AXCP hansısa şəkildə repressiyaya məruz qalmasın”.

Partiya son siyasi həbslər kampaniyasında məhbuslarının sayının 11 nəfərə çatdığını vurğulayıb: "AXCP 30 ildən çoxdur ki, davamlı repressiya, təqib-təzyiq altındadır. Təkcə sifarişli həbsləri götürsək, bu illər ərzində partiyanın yüzlərlə üzvü uzunmüddətli və inzibati həbs həyatı yaşayıb. Ən axırıncı həbs olunan AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadədir. Sahib Məmmədzadə 18 mart 2024-cü il tarixində rayon ərazisində qanunsuz olaraq saxlanılıb, bu zaman özü və yanında olan bacısı Tacirə xanım fiziki zorakılığa məruz qalıb. Bir gün sonra bilinib ki, Sahib Məmmədzadə narkotik ittihamı ilə şərlənib. Sahib Məmmədzadədən əvvəl isə eyni ittihamla (narkotik) AXCP üzvləri Elnur Həsən və Elbəyi Kərimov şərlənərək həbs olunub”.

Bildirilir ki, AXCP Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyev bir alqı-satqı əməliyyatında vasitəçilik edərək qanuni şəkildə komissiya haqqı qazanmaq istədiyi halda həbs olunub: "Ortada heç bir qanunsuz əməl və dəymiş ziyan olmadan, istintaq orqanı Elxan Əliyevə  dələduzluq ittihamı irəli sürüb, sifarişli məhkəmə isə istintaqın saxta ittihamını təsdiqləyərək, evində 3 azyaşlı uşağı olan Elxan Əliyevi 5 il müddətinə azadlıqdan məhrum edib”.

"Acınacaqlı haldır ki, Azərbaycan hakimiyyəti öz tənqidçilərini, müxalifətçiləri şərləyib həbs etməklə kifayətlənmir, üstəlik həbsxanalarda da onlara işgəncə verir, qeyri-insani münasibət göstərir. AXCP-nin siyasi məhbuslarından Niyaməddin Əhmədov və Şahin Hacı da bu günlərdə pis rəftar və işgəncəyə məruz qalıblar”, – deyə sənəddə vurğulanıb.

"Niyaməddin Əhmədov üzləşdiyi haqsızlıqlara görə 10 gündən çox aclıq aksiyası keçirib və yalnız tələblərinin bir qismi yerinə yetiriləndən sonra aclığı dayandırıb. Şahin Hacı isə tamamilə əsassız olaraq əvvəlcə 2 dəfə uzun müddətə cərimə kamerasına (kars) salınıb, daha sonra isə 3 ay müddətinə ciddi rejimli həbs (həbsxana içində həbsxana) cəzasına məhkum edilib”, – açıqlamada qeyd olunur.

AXCP bildirir ki, bütün bu həbslər və başqa təqib-təzyiq üsulları partiyanı fəaliyyət imkanlarından məhrum etmək üçündür: "İlham Əliyev hakimiyyəti qəsb edəndən bəri AXCP-ni tamamilə sıradan çıxarmağı qarşısına məqsəd qoyub və zaman-zaman bunu açıq bəyan etməkdən də çəkinməyib. Sadəcə AXCP rəhbərliyinin və sıravi üzvlərinin fədakarlığı, dönməzliyi, demokratiyaya bağlılığı və mübarizə əzmi ona məqsədinə çatmağa imkan verməyib”.

"Hazırda da İlham Əliyevin birbaşa göstərişi ilə Ədliyyə Nazirliyi saxta bir şikayət təşkil edərək AXCP sədri Əli Kərimlini bu vəzifədə tanımaqdan imtina edir. Bu da hakimiyyətin AXCP-ni qanundan kənar vəziyyətə salmaq və repressiya hədəfində saxlamaq niyyətindən xəbər verir. Bütün bunlara baxmayaraq AXCP öz prinsipial mübarizəsini, İlham Əliyevin Azərbaycanda tam olaraq totalitar sistem qurmaq cəhdlərinə qarşı təşkilatlanmış müqaviməti davam etdirməkdə qərarlıdır. AXCP özünün həbsdəki fəalları da daxil olmaqla, ölkədəki bütün siyasi məhbusları sonadək müdafiə edəcək”, – deyə bəyanatda qeyd olunub.

AXCP beynəlxalq təşkilatlara və demokratik dünyaya çağırış edir ki, Azərbaycan hakimiyyəti ilə bütün təmaslarda siyasi məhbusların azadlığı, ölkə vətəndaşlarının fundamental hüquq və azadlıqlarından istifadə edə bilməsi  prioritet məqsəd kimi qarşıya qoyulsun: "Bu mövzular bütün səviyyəli görüşlərdə müzakirələrin əsasını təşkil etməli, Azərbaycan hakimiyyətinin ölkə Konstitusiyasına və özünün beynəlxalq öhdəliklərinə əməl etməsi üçün daha təsirli vasitələrdən istifadə olunmalıdır. Azərbaycanın avtoritar rejimi nəhayət beynəlxalq sanksiyalara məruz qalmalı, müxalifətçilərin, ictimai-siyasi fəalların, jurnalistlərin uydurma ittihamlarına məsul olan vəzifəli şəxslərə qarşı ünvanlı sanksiyalar tətbiq edilməlidir”.

Bəyanatda Azərbaycan xalqını ölkədəki real siyasi mənzərəni aydın dərk etməyə çağırış yer alıb: "Xalqımız bilməlidir ki, hakimiyyətin demokratik müxalifətə, ictimai-siyasi fəallara, azad jurnalistikaya qarşı səlib yürüşü nəticə etibarilə onun özünü hədəf alır. İnsan hüquq və azadlıqlarının təminatı naminə fəal iş aparan demokratik qüvvələr İlham Əliyevin arzuladığı kimi, sıradan çıxarılarsa, bütövlükdə Azərbaycan cəmiyyəti, xalqımızın hər bir fərdi indikindən dəfələrlə ağır sosial, siyasi və iqtisadi məhrumiyyətə məruz qalar, hakimiyyətin nəzərində bir varlıq kimi tamamilə dəyərini itirər. Odur ki, xalqımız artıq totalitarizmə keçid edən Əliyev rejiminə qarşı mübarizədə daha fəal olmalı, daha çox təşkilatlanmalı və müxalifətin sıralarını gündən-günə böyütmək barədə düşünməlidir”.

2023-cü ilin sentyabrında Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi partiyasını təkrar dövlət qeydiyyatına alıb.

Dekabrın 16-da AXCP-nin VII (X) qurultayı keçirilib.

Partiyanın sədri Əli Kərimli Meydan TV-yə bildirib ki, nazirlik partiyanı dövlət qeydiyyatına alsa da, qurultayın sənədlərinə əsasən onun sədr seçilməsi ilə bağlı nəticələri dövlət reyestrinə daxil etməkdən imtina edir.