DİN: "İtkin düşmüş Müsavat fəalı qətlə yetirilib"

DİN:

14-05-2024 16:01 / Bu xəbər 1437 dəfə oxundu

İtkin düşmüş Müsavat Partiyası fəalının qətlə yetirildiyi bildirilir.

Daxili İşlər Nazirliyindən (DİN) "Turan"a bildirilib ki, Natiq Mehdinin itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Vurğulandığına görə, polis müəyyən edib ki, 1964-cü il təvəllüdlü N.Mehdi qətlə yetirilib.

DİN bu məsələ ilə bağlı onun bir iş yoldaşının saxlanaraq istintaqa təhvil verildiyini deyir.

Hələlik, adı açıqlanan həmin saxlanan şəxsin və ya vəkilinin ittihama münasibətini öyrənmək mümkün olmayıb.

Müsavatçının günlərdir ki, itkin düşdüyü bildirilir

Azərbaycanda müxalif Müsavat Partiyasının fəalı Natiq Mehdinin (Ulubəy) yoxa çıxdığı deyilir.

Bu barədə partiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, N.Mehdi mayın 10-da yaşadığı Bakı şəhərində öz şəxsi avtomobili ilə birlikdə yoxa çıxıb, onun haqqında məlumat almaq mümkün deyil: "Yaxınları məsələ ilə bağlı 37-ci polis bölməsinə ərizə ilə müraciət ediblər. Biz də məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq, amma, hələlik, heç bir məlumat yoxdur. Onun telefonuna da zəng çatmır".

Bu deyilənlərə hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

N.Mehdi Müsavat Partiyasının başqanlığına öz namizədliyini irəli sürmüşdü, qurultaya bir neçə gün qalmış namizədliyini geri götürmüşdü.

Müsavat Partiyasının qurultayı mayın 4-də olub.

 Orada 1992-ci ildən 2014-cü ilə qədər bu partiyaya rəhbərlik edən İsa Qəmbər yenidən Müsavat başqanı seçilib.