Toplum TV-yə polis hücumu ilə bağlı beynəlxalq reaksiya
07-03-2024 14:23 / Bu xəbər 1129 dəfə oxundu
"Hökumət ifadə azadlığını boğmağı dayandırmalıdır"
ABŞ müstəqil media olan Toplum TV-yə polis basqınından və jurnalistlərin həbsindən narahatdır.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller danışıb.
"Jurnalistləri, vətəndaş cəmiyyəti fəallarını və müxalifət xadimlərini qorxutmaq, sıxışdırmaq və cəzalandırmaq cəhdlərinə qarşı kəskin etirazlarımızı bildiririk. Azərbaycanı fundamental azadlıqlarından istifadə edənlərə qarşı təqiblərə son qoymağa və siyasi motivli işlərdə haqsız yerə həbs edilmiş bütün şəxslərin azadlığa buraxılmasına çağırırıq. Heç kəs ifadə azadlığından istifadə etdiyinə görə həbs və ya başqa cəzalarla üzləşməməlidir. Hökumət ifadə azadlığını boğmağı dayandırmalıdır, çünki bu, öz xalqının maraqlarına ziddır”, - Miller deyib.
Bundan başqa, "Amnesty International", "Human Rights Watch", "Sərhədsiz Reportyorlar" təşkilatları Azərbaycan hakimiyyətini jurnalistləri dərhal azad etməyə, onlara qarşı ittihamları ləğv etməyə çağırıb.
"ToplumTV-də axtarış və hazırda əlaqə saxlamaq mümkün olmayan bir neçə əməkdaşın həbsindən qəzəbliyik. İlham Əliyev diktaturası jurnalistikanı məhv etməkdədir", - deyə "Sərhədsiz Reportyorlar" Təşkilatından Janna Kavelye bildirib.
Martın 6-də Daxili İşlər Nazirliyi Toplum TV-nin ofisində axtarış apardığını açıqlayıb. Lakin əməliyyat-axtarış tədbirlərinin hansı səbəblə aparıldığı barədə məlumat verilməyib.
Əməliyyat zamanı internet kanalının ofisdə fəaliyyət göstərən əməkdaşları polisə aparılıb.
Həmin gün saat 22 radələrindən başlayaraq Toplum TV-nin Bakı şəhər Baş Polis İdarəsində saxlanılna əməkdaşları və təcrübəçiləri Pərvanə Qurbanlı, Alya Ağayeva, Ceyhunə Həsənli (qrafik-dizayner, təcürbəçi), Cəmilə Əzimova, Fidan Əlicanova, Cavid Ramazanov, Gülyetər Mahmudova, Samir Ağazadə, Sadiq Məmmədov sərbəst buraxılıb.
Toplum TV-nin əməkdaşı Fərid İsmayilova Cinayət Məcəlləsinin 206.3.2 - qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, maddəsi ilə cinayət işi açılıb.
Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib.
Onun sözlərinə görə, İsmayılov bəzi sənədləri imzalamaq üçün ona psixoloji və fiziki təzyiq göstərildiyini, amma imtina etdiyini bildirib.
Müdafiə tərəfi deyib ki, bununla bağlı şikayət veriləcək.
Bundan başqa, Toplum TV ilə bağlı işdə jurnalist Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əmrahov 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə açılmış cinayət işi ilə bağlı şübhəli şəxs qismində saxlanılıblar.