Ülvi Həsənlinin mənzilində axtarış gedir (Yenilənib)
20-11-2023 13:49 / Bu xəbər 1599 dəfə oxundu
"Abzas Media"nın ofisində və onun direktoru Ülvi Həsənlinin mənzilində axtarış aparılır.
Ü.Həsənlinin vəkili Zibeydə Sadıqova deyir ki, ofisdə beş saat davam edən axtarış zamanı polis əməkdaşları 40 min avro pul aşkarlayıb.
"Abzas Media"dan isə bildirilib ki, aşkarlandığı iddia edilən vəsait onlara aid deyil: "İstintaq orqanlarının məqsədli şəkildə medianın fəaliyyətini dayandırmaq və Ü.Həsənliyə qarşı ittiham irəli sürmək üçün uydurduğu ssenaridir".
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
_________________________________________________
Jurnalistlər ərazidən uzaqlaşdırılır
Polis əməkdaşları "AbzasMedia”nın ofisi qarşısında toplaşıb. Həmçinin, media qurumunun redaksiyasında axtarış aparılır.
Bu barədə media qurumunun əməkdaşları sosial mediada paylaşım edib.
Bildirilir ki, hazırda jurnalistlər ərazidən uşaqlaşdırılır.
"AbzasMedia”nın yaydığı video görüntülərdən isə aydın olur ki, polislər ərazidə çəkiliş aparan jurnalistlərə mane olur.
Onları redaksiyanın olduğu binanın önündən uzaqlaşdırır. Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə mane olurlar.
"AbzasMedia”nın direktoru Ülvi Həsənlidən noyabrın 20-dən səhər saatlarından xəbər yoxdur.
Daha sonra məlum olub ki, o, Bakı şəhər Baş Polis İdarəsindədir.
Vəkili Zibeydə Sadıqova bildirib ki, onun hansı səbəblə saxlanılması barədə ona məlumat verməyiblər, araşdırıb, ətraflı danışacaq.
Ülvi Həsənlinin nə səbəblə saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) də məlumat almaq mümkün olmayıb.
"Abzas Media” son zamanlar daha çox araşdırma materialları ilə tanınır.
Media qurum Prezident ailəsinin və Prezidentin tabeçiliyində olan məmurların biznesi, eləcə də Qarabağda gedən tikinti, burada çalışan şirkətlərlə bağlı tez-tez araşdırmalar dərc edir.