Aydın Canıyevin “Sözün sağlığına” Sözardı... - Ramin DEKO yazır
05-07-2015 02:11 / Bu xəbər 3224 dəfə oxundu
Ramin DEKO
Uşaq vaxtı, nəyisə düzgün etməyəndə rəhmətlik nənəm "sən sözə qulaq asmırsan, baxırsan” deyirdi. Bununla da məni sillə-təpiyin altına salan valideynlərimə haqq qazandırmış olurdu. Nədənsə həmişə bunun doğruluğuna şübhə ilə yanaşmışam. Axı Sözə necə baxmaq olar?! Sonra isə... İllər ötdü, anladım ki, heç zaman böyüklərin dediyinə qulaq asmamışam, onların Sözünə BAXMAĞA çalışmışam.
...Orta məktəbi bitirib universitetə daxil oldum, dörd il sonra isə hərbi xidmətə yollandım. Əsgərlikdə üç dost idik. İki nəfər mübahisə edəndə birimiz həmin ortama qoşulur, ədalətlə məsələni həll etməyə çalışırdı. Bu zaman da o iki nəfər "zibilin biləni oldun belədi də” deyib gülüşürdülər...
Aydın Canıyevi tanıyanda isə...
Hər dəfə Aydın Canıyevlə görüşüb duzlu-məzəli söhbətlərinə qulaq kəsiləndə, əlləri əsə-əsə Sözün rəsmini çəkəndə, indi başqa bir dünyada olan nənəmin dedikləri yadıma düşür.
Bəli, Aydın Canıyev Sözə qulaq asan adam deyil, Sözə baxan, Sözü görən adamdı. Sözün nazını çəkən, onu tumarlayan, əvvəlcə dilə tutmaq üçün sığallayan, alınmayanda qəzəblənən adamdı. Sözə qulaq asmaq onun işi deyil. Əksinə, Söz onun Sözünə baxmalıdı. Hərbi xidmət yoldaşlarımın dediyi kimi, Aydın bunun bilənidi də...
Aydının ilk kitabını - "Sözün sağlığına”nı bir nəfəsə bitiridim. Sevə-sevə oxuduğum Onluqlarda oldu. İstəməyərəkdən izlədiyim məqalələri də diqqətlə gözdən keçirdim. Axı hamısının altında Aydın Canıyevin imzası var...
Aydın var, həmişə olub və olacaq! Hərdən mənə elə gəlir ki, Aydın eramızdan əvvəl - Söz yarananda dünyaya gəlib. Çünki istənilən anda - gələcək zamanda da, keçmiş zamanda da Onun haqda danışmaq olar. Baxmayaraq ki, ipinin üstünə odun yığmaq mümkün deyil. Çünki Aydın elə insandır ki, Onun ipinin üstünə yalnız Söz yükləmək olar, təbii ki, icazəsi ilə, xahişi ilə...
O, Sözü zərgər dəqiqliyilə bilən şəxsdi. Sözü harada böyük və hansı məqamda kiçik yazmağı da duyan insandı. Lazım gələndə Sözü əlləri kimi əsdirə bilmək qüdrətindədi. Hə, bir də incidiyi, küsdüyü (fərqi yoxdu günah kimdədirsə - R.D) adamı Sözlə kürəyini yerə elə vurar ki, onurğasında yırtıq əmələ gələr. Adamın qanını Sözün Sağlığına elə içər, qarşında sanki vampirin dayandığını zənn edərsən! Çünki o, Aydın Canıyevdir!
Aydın Sözü rəqsə dəvət edə biləcək qədər böyük ürək sahibidi. Və rəqsdə heç vaxt əzilib-büzülməz, kompleksə düşməz, "böyüklər baxır, ayıbdı” deyib utanmaz. İstənilən musiqi sədaları altında Sözlə qol-boyun olub oynaya biləcək adamdı.
Onun bütün həyatı, mahiyyəti dilindəki və qələmindəki Sözdədir.
Mənə "FutQOLaktika” proje çərçivəsində müsahibə verərkən "Söz yeganə sərvətdir ki, hamıya eyni səxavətlə paylanılıb”, - demişdi. Məncə, burada bir az səmimiyyətdən uzaq düşmüşdü. Çünki Söz sərvəti Aydına bir azca çox verilib. Niyə? Burasını bilmirəm. Bəlkə də...
Tanrı Aydına yalnız və yalnız istedad bəxş edib, başqa heç nə...












