Aytən Məmmədova istintaqdan narazıdır

Aytən Məmmədova istintaqdan narazıdır

24-05-2022 16:07 / Bu xəbər 1644 dəfə oxundu

Jurnalist Aytən Məmmədova ona bıçaqla hücum edən şəxsin axtarışı ilə bağlı istintaq orqanlarına xəbərdarlıq edib.

Jurnalist bu barədə mayın 24-də "Facebook” profilində yazıb.

"İnsanı bu həddə çatdırmayın. Mən də susuramsa, öz abrıma görədir. O demək deyil ki, sözüm yoxdur. Mənim də səbrimin həddi var...”, - A.Məmmədova yazıb.

Mayın 8-də gecə saatlarında jurnalist Aytən Məmmədova naməlum şəxsin hücumuna məruz qalıb.

Jurnalistin sözlərinə görə, yaşadığı binanın blokuna girərkən bir nəfər arxasınca gəlib və liftdə bıçağı onun boğazına dirəyib: "Mənə dedi ki, məhkəmə işi barədə yazmayım. Qızımla hədələdi, amma hansı iş barədə hədələdiyini demədi”.

Aytən Məmmədovanın ən çox ictimailəşdirdiyi iş Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı gedən məhkəmə işidir.

Jurnalist sosial şəbəkələrdə İlkin Süleymanovun günahsız olması, təzyiqlərə məruz qalması ilə bağlı paylaşımlar edirdi.